Rusiyayönümlü üçlük HƏRƏKƏTƏ KEÇDİ: Anti-Ukrayna ittifaqı yaradılır

Təhlil

28.10.2025 17:39

Macarıstan Çexiya və Slovakiya ilə birlikdə Avropa İttifaqında Ukraynaya şübhə ilə yanaşan ölkələrdən ibarət ittifaq yaratmaq istəyir. Bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın müşaviri Balaj Orban bildirib.  


Müşavirin sözlərinə görə, Orban dekabr ayında keçiriləcək Aİ sammitindən əvvəl ANO hərəkatının lideri Andrey Babiş və Slovakiyanın Baş naziri Robert Fitso ilə Ukrayna ilə bağlı mövqelərini əlaqələndirməyə ümid edir. 

Bəs ittifaq yaransa, nə baş verəcək? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Aİ-nin Ukraynaya dəstək birliyində yeni çatlar yarana bilər: 


"Macarıstan, Slovakiya və Çexiyadan ibarət anti-Ukrayna ittifaqının yaranması ehtimalı var. Əvvəla, ona görə ki, onlar hər fürsətdə Ukraynaya qarşı çıxırlar. Bu qüvvələrin daha çox Rusiya ilə bağlı olması ehtimalı kifayət qədər yüksəkdir. Bu gün Çexiyada və Slovakiyada Rusiyayönümlü qüvvələrin hakimiyyətdə olması bunu bir formada açıq şəkildə göstərir. Xüsusilə onlar Aİ-nin Ukraynaya yardım göstərmək niyyətlərinə hər zaman mane olurlar. Düzdür, birbaşa şəkildə deyil, arqumentlər, faktlar və dəlillərlə bunu əsaslandırmağa çalışırlar".


Ekspert bildirib ki, məsələnin kökündə Rusiyayönümlülük dayanır:

"Üzdə öz dövlət maraqlarından çıxış edərək Ukraynaya qarşı olduqlarını bildirsələr də, Avropa siyasi mühitində bəllidir ki, onlar artıq Rusiyayönümlü qüvvələrdir və Ukraynaya qarşı mövqeləri də məhz bundan qaynaqlanır. Bu üçlüyün bir araya gələrək daha ciddi bir ittifaq şəklində müqavimət göstərməsi mümkündür".

Analitik hesab edir ki, yaranacaq ittifaq təkcə Ukraynaya qarşı olmayacaq:

"Əlbəttə ki, bu, Aİ üçün müəyyən çətinliklər yaradacaq, çünki qurumda bütün üzv dövlətlərin razılığı ilə qərar qəbul etmək mexanizmini çətinləşdirəcək. Bildiyim qədər, Aİ artıq qərar qəbulu prosesində səs çoxluğu üsuluna keçmək barədə düşünür. Bu ittifaq yaranarsa, o halda Ukraynaya Avropanın dəstəyinə mane ola bilərlər, eyni zamanda Aİ-nin öz prinsiplərinə də zidd hərəkət etmiş olacaqlar. Bundan sonra isə Avropa İttifaqının bu üçlü ilə yolunu ayırmaq barədə qərar verməsi də istisna deyil".

Jalə Rövşən 

TodayPress TV

tag: Əli Mustafa,Politoloq,Macarıstan,Çexiya,Slovakiya,Todaypress.tv,