Putin Moldovada “məğlub oldu”: Moldova üçün nə dəyişəcək?

Təhlil

29.09.2025 15:34

Moldovada keçirilən parlament seçkilərində hazırkı Prezident Maya Sandunun Avropayönümlü “Fəaliyyət və Həmrəylik” partiyası 49,5 faiz səslə parlament çoxluğunu təmin edib.

Rusiyayönümlü “Vətənpərvərlik Bloku” isə 24 faiz səslə ikinci yerdə qalıb.

“Səslərin 99 faizdən çoxu hesablandıqdan sonra məlum olub ki...”

Seçkinin nəticələrini TodayPressTV-yə şərh edən siyasi şərhçi Taleh Əliyevin sözlərinə görə, Moldovada son parlament seçkilərində seçicilərin 33 faizdən çoxu səs verib ki, bu da ölkədəki mövcud seçki qanunvericiliyinə görə seçkilərin baş tutması üçün yetərlidir:

“Səslərin 99 faizdən çoxu hesablandıqdan sonra məlum olub ki, Sandunun partiyası parlamentdə çoxluğu qazanıb. İkinci yerdə Rusiyayönümlü “Vətənpərvərlik Bloku” 24 faiz səslə qərarlaşıb. Parlamentə ümumilikdə beş partiya düşüb, digər üç yerdə isə kiçik partiyalar təmsil olunub”.

“Avropaya inteqrasiya siyasətinin bundan sonra da davam edəcəyini göstərir”

Taleh Əliyev hesab edir ki, seçkilərin nəticələri Moldova üçün ciddi dəyişiklik vəd etmir:

“Əksinə, indiki hakimiyyətin uzun müddətdir həyata keçirdiyi Avropaya inteqrasiya siyasətinin bundan sonra da davam edəcəyini göstərir və mövcud kursun davamlı, dönməz xarakter almasına təminat verir”.

“Əgər seçkilərdə Rusiyayönümlü “Vətənpərvərlik Bloku” qalib gəlmiş olsaydı...”

Ekspertin sözlərinə görə, əgər seçkilərdə Rusiyayönümlü “Vətənpərvərlik Bloku” qalib gəlmiş olsaydı, bölgədə Rusiyanın xeyrinə dəyişikliklər baş verə bilərdi.

“Vətənpərvərlik Bloku” qalib gəlmiş olsaydı, bölgədə Rusiya hərbçilərinin sayının artırılması gözlənilə bilərdi. Bu isə Ukrayna üçün, xüsusilə ölkənin Qərb regionundan və dənizə yeganə çıxışı olan Odessa istiqamətində vəziyyəti daha da gərginləşdirə bilərdi. Lakin hazırkı seçki nəticələri göstərir ki, Rusiyanın bu planları reallaşmayacaq və Moldovanın hazırkı prezidentinin hakimiyyəti dövründə tutduğu siyasi kurs növbəti mərhələdə də əzmlə davam edəcək”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Jalə Rövşən

TodayPressTV

tag: Moldova,"Fəaliyyət və Həmrəylik",Seçki,Putin,Todaypress.tv,