“Tu-95MS” Berinq üzərində: Kreml Vaşinqtona hansı mesajı verir? – ŞƏRH

Təhlil

24.07.2025 17:08

“Rusiyanın nüvə silahı daşımaq imkanına malik “Tu-95MS” strateji bombardmançı təyyarələrinin ABŞ-nin Alyaska ştatına yaxın Berinq dənizi üzərində patrul uçuşu həyata keçirməsi Moskvanın qlobal güc nümayişinin açıq mesajıdır”.

Politoloq Züriyə Qarayeva bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu cür təyyarələrin seçilməsi və onların ABŞ-yə yaxın ərazidə görünməsi hərbi rəmz daşımaqla yanaşı, psixoloji və geosiyasi təzyiqin bir elementi hesab olunmalıdır.

"Bu addım son aylarda nüvə təhlükəsizliyi ilə bağlı artan gərginliyin fonunda atılıb. Bu, ABŞ-yə ünvanlanan dolayı, lakin kəskin xəbərdarlıq xarakteri daşıyır. Kreml Vaşinqtona mesaj vermək istəyir ki, hazıram, burdayam və gücümü göstərirəm”.

Analitikin qənaətincə, bu hərbi aktivlik Rusiya-NATO münasibətlərində gərginliyin səngimədiyini xatırladır və Moskvanın dünya güclərinə qarşı çoxşaxəli mövqe sərgilədiyini ortaya qoyur:

“Bu uçuşlar Ukrayna müharibəsindən tutmuş Çin-Tayvan qarşıdurmasına, eləcə də Yaxın Şərqdəki qeyri-sabitliyə qədər uzanan zəncirvari gərginliklərin fonunda baş verir. Rusiya bu gedişlə həm strateji oyun masasında mövcudluğunu təsdiqləyir, həm də ABŞ-nin diqqətini eyni anda bir neçə cəbhədə dağılmağa vadar edir”.

Politoloq sonda əlavə edib ki, bu cür addımlar birbaşa toqquşmaya səbəb olmasa da, qlobal güc balansında mesaj dəyəri daşıyan mühüm vasitələrdir və Moskvanın sakit, lakin sərt siqnallarından biridir.

Qeyd edək ki, Rusiyanın nüvə silahı daşımaq qabiliyyətinə malik "Tu-95MS" strateji bombardmançı təyyarələri ABŞ-nin Alyaska ştatına yaxın Berinq dənizi üzərində patrul uçuşu həyata keçirib.  Uçuşun məqsədi və təfərrüatları açıqlanmasa da, amerikalı ekspertlər bunu ABŞ-yə siyasi ismarış kimi qəbul ediblər. 

Töhfə Səməd

tag: Züriyə Qarayeva,Politoloq,Tu-95MS,Kreml,Vaşinqton,Todaypress.tv,

photo