Türkiyənin Suriyada rolu: “Regionun gələcəyi müəyyənləşir” – ŞƏRH

Təhlil

16.05.2025 13:56

10

“Türkiyənin Suriya ilə bağlı rolu regionun gələcəyini müəyyənləşdirir”.

Politoloq Azad Məsiyev bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra ölkədə yaranmış yeni siyasi şəraitin tənzimlənməsində Türkiyənin rolu açıq şəkildə görünür. O, hesab edir ki, Türkiyə bu proseslərdə həm təşəbbüskar, həm də vasitəçi kimi çıxış edir. 

“Rəsmi Ankara yeni Suriya hakimiyyəti ilə əməkdaşlığın qurulması və ölkədə stabilliyin bərqərar olunması üçün mühüm addımlar atıb. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət nəticəsində Suriya beynəlxalq aləmdə tanınmaq istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edib. Bu prosesdə Türkiyə, Suriya ilə Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlərin normallaşmasında əsas vasitəçi rolunu oynayıb”.

Analitik həmçinin diqqətə çatdırıb ki, ABŞ prezidenti Donald Trampla Ərdoğan arasındakı münasibətlər dostluq müstəvisində qurulub və bu əlaqələr Suriyanın beynəlxalq münasibətlərində dönüş yaradıb.

Bununla yanaşı, ABŞ-nin Suriya siyasətində dəyişiklik etməsi və bu ölkəyə qarşı tətbiq olunan sanksiyaları aradan qaldırması region üçün mühüm nəticələr vəd edir.

“Sanksiyalar Suriyanı həm iqtisadi, həm də siyasi cəhətdən geri salırdı. Onların aradan qaldırılması isə ölkənin dünya ilə inteqrasiyasına, iqtisadi dirçəlişinə və əhalinin rifahının yaxşılaşmasına ciddi təkan verə bilər. Eyni zamanda sosial sabitlik də bərpa ediləcək. Bu proses Suriyanın qonşu dövlətlərlə münasibətlərinin inkişafına və ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradacaq”.

Qeyd edək ki, Ağ Ev lideri Donald Trampın açıqlamasına əsasən, ABŞ yeni bir başlanğıc üçün Suriyaya qarşı sanksiyaları ləğv edəcək. 

Töhfə Səməd

tag: Azad Məsiyev,Politoloq,Türkiyə,Suriya,Todaypress.tv,

photo