Fransaya rəqib TAPILDI: Almaniya "nüvə yarışı"na qoşulur!

Təhlil

10.07.2025 13:23

Avropada liderlik uğrunda güc mübarizəsi və artan təhlükəsizlik riskləri fonunda Almaniya nüvə silahı əldə etmək istəyini gündəmə gətirib.

Politoloq Zeynal Əmrəliyev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Almaniyanın nüvə silahı əldə etmək istəyi Avropa daxilindəki güc balansı ilə bağlıdır: 

“Məlumdur ki, Fransada Emmanuel Makronun rəhbərlik etdiyi hökumət son dövrlər Avropada lider mövqeyini gücləndirmək uğrunda mübarizə aparır və qitənin lider dövləti statusunu ələ keçirməyə çalışır. Eyni zamanda, ABŞ-də Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqton faktiki olaraq Avropa İttifaqından uzaqlaşıb və Aİ-nin təhlükəsizliyi baxımından ciddi problemlər yaranıb. Rusiyanın Ukraynaya təcavüzü və Avropa ölkələrinə qarşı təhdidedici siyasəti də vəziyyəti daha da gərginləşdirir. 

Bu səbəbdən Almaniya son dövrlərdə ordusunu gücləndirmək istiqamətində fəal addımlar atır. Bu siyasət Sosial Demokrat Partiyasının hakimiyyəti dövründə olduğu kimi, hazırda Xristian Demokrat İttifaqı tərəfindən də davam etdirilir. Hətta indiyədək Aİ-nin rəqibi kimi qəbul edilən Çinlə hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində də təşəbbüslər var. Bu, ilk növbədə Rusiyanın təcavüzünə qarşı müdafiə tədbiri kimi qiymətləndirilir. Aİ ölkələri Rusiyanın birlik ərazilərinə hərbi müdaxiləsindən ehtiyat edir və Almaniya bu vəziyyətə qarşı hazırlıqlı olmaq niyyətindədir”.

Ekspert mümkün ola biləcək digər ehtimalları da sadalayıb:

“Digər səbəb isə Almaniyanın ittifaq daxilindəki güc mübarizəsində Fransaya qarşı öz mövqeyini qorumaq istəyidir. Məlum olduğu kimi, dünya üzrə ən çox nüvə başlığına sahib ölkələrdən biri Fransadır. Başqa səbəb ABŞ-nin Aİ ölkələrinə qarşı sərgilədiyi soyuq münasibətdir. Həmçinin İranın nüvə silahı ilə bağlı sərgilədiyi siyasət qlobal səviyyədə bu silaha marağı artırıb. Beləliklə, sanki soyuq müharibə dövründəki nüvə yarışması yenidən aktuallaşır. Bütün bu amillər Almaniyanı nüvə silahı əldə etməyə sövq edir”.

Qeyd edək ki, AEBA-nın baş direktoru Rafael Qrossi Almaniyanın  bir neçə aya nüvə silahı hazırlaya biləcəyini bildirib. 

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,Fransa,Almaniya,Nüvə,Todaypress.tv,

photo