Millət vəkili: "Azercell”i qınamaq düzgün deyil”
Cəmiyyət
03.06.2025 18:04
Sosial mediada yayılan məlumatlara görə, “Azercell” 1 iyuldan etibarən yeni şərtlər tətbiq edəcək. Belə ki, elektron ödəniş üsulları ilə nömrəyə 1 - 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Bu, istifadəçilər tərəfindən qınaq obyektinə çevrilib.
Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, əgər şirkət bu strategiyanı özü müəyyən edirsə, bu zaman məsələ müştərinin yanaşmasından asılı olacaq.
Onun fikrincə, bazar iqtisadiyyatı şəraitində alternativlər barədə düşünmək mümkündür və bu, tamamilə normaldır.
"Kimə sərf etmirsə, bazar iqtisadiyyatıdır deyə daha başqa seçim edə bilər. Çünki bu, həqiqətən də əlverişli bir vəziyyət yaratmır. Hər halda bu barədə düşünmək lazımdır. Çünki bütün hallarda bu rəqabət mühitində başqa operatorların daha çox üstünlük qazanmasına və daha əlverişli rəqabət şərtləri təqdim etməsinə gətirib çıxara bilər".
Deputat qeyd edib ki, şirkət öz strategiyasını seçməkdə sərbəstdir və buna görə ona irad bildirmək düzgün deyil:
“Azercell” öz strategiyasını seçirsə, biz ona deyə bilmərik ki, bu, sənin ziyanınadır. Əgər düşünürsə ki, bu onun xeyrinədir, davam edə bilər. Amma müştərinin itirilmə qorxusu varsa, bu, gələcək işlərinə təsir edəcək".
Fazil Mustafa əlavə edib ki, mövcud şərtlər istifadəçiləri qane etmədiyi halda onlar daha əlverişli şərtlər təqdim edən digər operatorlara yönələ bilərlər. Buna görə də məsələyə bazar iqtisadiyyatı prinsiplərinə uyğun yanaşmaq lazımdır.
Qeyd edək ki, “Azercell Telekom” MMC (“Azercell”) 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr (SimSim) üçün yeni şərtlər tətbiq edəcək. Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə 1 - 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Ümumilikdə nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:
1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat – 10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.
Türkan İsgəndərli
tag: Fazil Mustafa,Deputat,Azərcell,Qınamaq,Todaypress.tv,