Trampın yeni planı Qəzzanı necə xilas edəcək?

Təhlil

30.09.2025 14:09

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında İsrail-Fələstin münaqişəsinə son qoymaq barədə olan planını dərc edib. 

Planda bir sıra məsələlər nəzərdə tutulub:

1) İsrail Qəzzanı işğal etməyəcək və ilhaq etməyəcək

2) Qəzza terrorsuz olacaq və yenidən qurulacaq.

3) Qəzza Trampın rəhbərlik etdiyi beynəlxalq qurumun nəzarətində olan müvəqqəti hökumət tərəfindən idarə olunacaq.

4) İsrailin təklif olunan razılaşmanı qəbul etməsindən sonra 72 saat ərzində girovların azad edilməsi müqabilində münaqişə dərhal dayandırılacaq, İsrail qoşunları Qəzzadan çıxarılacaq və hərbi əməliyyatlar dondurulacaq.

5) Həmas və digər qruplar birbaşa və ya dolayı yolla Qəzzanın idarə edilməsində iştirak etməyəcək.

6) Silahsız olmağa və dinc yaşamağa razı olan HƏMAS üzvləri üçün amnistiya veriləcək.

Maraqlıdır, sözügedən plan Qəzzanın hazırkı vəziyyəti üçün nə dərəcədə uğurludur? 

Bu plan Fələstinlə münaqişəyə son qoyacaqmı? 

Siyasi şərhçi Taleh Əliyev bu barədə TodayPress TV-yə danışıb. 

O bildirib ki, təklif olunan bu növbəti sülh planında göstərilən Qəzzanın beynəlxalq müvəqqəti hökumət tərəfindən idarə olunması ideyası, həm də HƏMAS-ın və digər qrupların regionu tərk etməsi və razılaşmadan 72 saat sonra bütün girovların azad olunması bəndləri olduqca mürəkkəb bəndlərdir. Bu şərtlər yeni mübahisələrə səbəb olacaq.  

“Hesab edirəm ki, bu üç məsələ HƏMAS tərəfindən qəbul edilməyəcək. Donald Tramp hakimiyyətə yeni gələndə bəyan etmişdi ki, o, Qəzzanı yenidən quracaq və Amerika qəzzalıları oradan çıxarıb, bölgəni tamamilə öz nəzarətinə götürəcək. Yenidən bu ideyanın oxşarı olan bir beynəlxalq hökumətin qurulması Qəzzada ciddi narahatlıq yaradar. Digər tərəfdən, HƏMAS-ın və digər qrupların bölgədən uzaqlaşdırılması məsələsi var. Onsuz da, ilk gündən HƏMAS-ın dirəniş göstərdiyi məsələlərdən biri də Qəzzanı tərk etməməsidir. Başqa bir məsələ isə HƏMAS-ın və Fələstin tərəfinin heç bir ciddi zəmanət əldə etmədən bütün qrupları azad etməsidir. Hesab edirəm ki, bu tələblər qarşı tərəfdən qəbul olunmadığı üçün bu sülh ideyası da gerçəkləşməyə bilər”, -deyə analitik fikrini yekunlaşdırıb. 

Nicat Osman

TodayPress TV

tag: Taleh Əliyev,Siyasi şərhçi,Tramp,Sülh,Todaypress.tv,

photo