Trampın Nobel Sülh Mükafatına namizədliyi – Sülh simvolu yoxsa, siyasi jest?
Təhlil
21.06.2025 16:09
“Sülh göyərçini adına layiq görülmək, Nobel mükafatına namizəd olmaq həqiqət nöqtəyi-nəzərindən ABŞ Prezidenti Donald Trampdan çox uzaqdadır”.
Politoloq Natiq Miri bunu TodayPress TV-yə danışarkən bildirib.
O, Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsini Pakistan rəhbərliyinin təhlükəsizlik maraqları çərçivəsində irəli sürdüyü mövqe kimi dəyərləndirib.
"Belə ki, bu təşəbbüs Pakistanın Hindistanla gərgin münasibətləri fonunda ortaya çıxıb. Hər iki ölkə nüvə silahına malikdir və aralarında baş verəcək bir qarşıdurma qlobal miqyasda faciəvi nəticələrə yol aça bilər. Pakistan rəhbərliyi məhz bu kontekstdə Trampın regionda gərginliyi azaltmağa çalışdığı üçün Nobelə layiq olduğunu düşünür.
Maraqlısı odur ki, ABŞ-yə daha yaxın mövqe sərgiləyən Hindistan heç vaxt belə bir təşəbbüslə çıxış etməyib. Bu isə, məsələnin sırf Pakistanın rəsmi mövqeyi olduğunu göstərir. Trampın Nobelə layiq olub-olmaması məsələsinə gəldikdə isə, onun prezidentliyi dövründə və sonrakı bəyanatları dünyada sülhə yox, əksinə, yeni münaqişələrə yol açıb. Rusiya-Ukrayna müharibəsində minlərlə insan həlak olub, şəhərlər viran qoyulub. Eyni zamanda, Yaxın Şərqdə, xüsusilə İsrail və Qəzza, həmçinin İsraillə İran arasında yaşanan gərginlik də sülhdən çox, qanlı qarşıdurmalarla müşahidə olunub".
Analitikin fikrincə, İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar da Vaşinqtonla əvvəlcədən razılaşdırılmış və Donald Trampın siyasi kursunun nəticəsi kimi dəyərləndirilməlidir. Əgər Tramp bu müharibələrin qarşısını almış olsaydı, bəlkə o zaman Nobel mükafatı haqqında danışmaq mümkün olardı. Amma fakt budur ki, onun dönəmində münaqişələr daha da dərinləşib.
İranın nüvə obyektlərinin məhv edilməsi məsələsinə toxunan ekspert əlavə edib ki, bu hədəfləri İsrailin təkbaşına vurması qeyri-mümkündür. Çünki bu cür dərinlikdə yerləşən obyektləri yalnız ABŞ-yə məxsus 13 tonluq "GBU-57A/B" bombası və "B-2" strateji bombardmançı təyyarələri ilə məhv etmək olar. Bu isə Trampın prosesə birbaşa təsir imkanlarını artırır və ona daha çox məsuliyyət yükləyir.
"Trampın Nobel mükafatı almaq istəyi özünün də dilə gətirdiyi bir məqsəddir. Pakistanın bu açıqlaması da onun bu arzusunu reallaşdırmağa yönəlmiş bir siyasi addım ola bilər. Lakin bu təşəbbüs sülh ideyalarına yox, daha çox geosiyasi maraqlara xidmət edir. Ona görə də söhbət sülh göyərçinindən, Nobel mükafatından gedə bilməz. Əksinə, Donald Trampın hakimiyyətə gəlməsi bu müharibələrin daha acınacaqlı bir duruma düşməsinə səbəb olub. Bu gün İsrail-İran qarşıdurması fonunda yaranan vəziyyət göstərir ki, yeni və daha təhlükəli qlobal münaqişələr qapıdadır və bu risk amilləri nəzərə alınaraq Nobel mükafatı məsələsinə ciddi və prinsipial yanaşmaq lazımdır".
Qeyd edək ki, Pakistan hakimiyyəti Hindistanla olan qarşıdurmada göstərdiyi dəstəyə görə Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.
Töhfə Səməd
tag: Natiq Miri ,Politoloq,ABŞ,Tramp,Todaypress.tv,
