Ekspert: “Rusiya NATO-nu gərginlikdə saxlamağa çalışır”

Təhlil

16.09.2025 16:16

Son zamanlar Rusiya–Ukrayna müharibəsində Rusiyanın hücumları intensivləşib. 

Bu hücumlarda əsas yeri artıq köhnə konvensional silah sistemləri yerinə PUA-lar təşkil edir. Son aylarda edilən müşahidələr göstərir ki, Ukrayna tərəfindən edilən PUA hücumları azalmaqla yanaşı, Rusiyanın hücumları da artan templə davam edir.


Maraqlıdır, son aylarda ABŞ-nin müharibəyə məsafəli davranması, Avropa ölkələri tərəfindən hərbi yardımların azalması nəticəsində Ukrayna hərbi sənayesində zəifləmə müşahidə edilir?

Sanksiyalara baxmayaraq, Rusiya öz hərbi sənayesini necə ayaqda saxlayır və inkişaf etdirə bilir? 

Sənaye texnologiyalarını və komponentləri necə əldə edir, o cümlədən daxili istehsalatda hansı dəyişikliklər baş verir?


Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev məsələni TodayPress TV-yə şərh edərkən bildirib ki, hazırkı vəziyyətdə Ukraynanın hərbi potensialının azalmasından daha çox, Avropa və NATO ölkələrindən gələn yardımların zəifləməsindən danışmaq olar.


“Ukraynaya verilən yardımlar kifayət qədər azalıb”

Ekspertin sözlərinə görə, son zamanlar Rusiya NATO-nun şərq qanadında yerləşən bəzi ölkələri, xüsusilə də Polşa və Rumıniyanı dron hücumları ilə təhdid etməyə başlayıb. Bundan əvvəl isə Rusiya təyyarələrinin bəzi ölkələrin sərhədləri yaxınlığında uçuşları müşahidə olunurdu. Bu, Avropa və NATO ölkələrini hazırda əsas diqqəti öz ərazilərinin müdafiəsinə yönəltməyə məcbur edir və nəticədə Ukraynaya verilən yardımlar kifayət qədər azalıb.


O, həmçinin xatırladıb ki, ABŞ birbaşa yardımlardan demək olar ki, çəkilib və yalnız bu yardımları Avropanın ödəyəcəyi məbləğ qarşılığında həyata keçirməyə razı olduğunu bəyan edib.

“Belə olan halda isə Rusiyanın hücumlarının güclənməsi gözlənilən idi”, – deyə hərbi ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya zirehli vasitələrdə, artilleriyada və pilotlu aviasiya vasitələrində kifayət qədər ciddi itkilərə məruz qalsa da, İranın əldə etdiyi “Şahid” pilotsuz uçuş aparatlarının texnologiyasını mənimsəyib. Hazırda Rusiya öz ərazisində hər gün, orta hesabla, yüzdən çox pilotsuz vasitə istehsal edir və həmin vasitələr Rusiyanın silahlanmasında mövcud olan məhdudiyyətləri əvəz edə bilir.


“Rusiyanın istehsal etdiyi bir çox silahların hissələri və detalları, o cümlədən sensorları Çindən gətirilir”

Analitik əlavə edib ki, Rusiyanın istehsal etdiyi bir çox silahların, xüsusilə də “Şahid” PUAlarının ehtiyat hissələri və detalları, o cümlədən sensorları Çindən gətirilir. Çinin yardımları sayəsində Moskva bu gün öz müdafiə sənayesi kompleksində yaranan problemləri – xüsusilə də sanksiyalar səbəbindən əldə edə bilmədiyi ehtiyat hissələrini daha ucuz qiymətə ala bilir.

Ekspert bildirir ki, bu imkanların hesabına Rusiya Ukraynanın dərinliklərinə zərbələr endirmək gücünü qoruyur. 


“Demək olar ki, bu gün Ukraynada 18 yaşayış məntəqəsi boşaldılıb, təxminən 3-4 kənd isə dünənə olan məlumata görə Rusiyanın nəzarətinə keçib. Zaporojye–Pokrovsk və Dneprovski istiqamətində Rusiyanın aktivləşməsi müşahidə olunur. Həmin ərazilərdə müdafiə olunan ordu korpuslarının komandanları isə iki gün əvvəl vəzifədən azad ediliblər”, - o bildirib.

Ekspertin fikrincə, bütün bunlar yaxın perspektivdə Avropa və NATO ölkələrinin Ukraynaya yardımlarının daha da zəifləyəcəyini, Rusiyanın isə aqressiv fəaliyyətini gücləndirəcəyini göstərir.

“Rusiyanın hazırkı əsas məqsədi Avropa və NATO-nu gərginlikdə saxlamaq, eyni zamanda Ukrayna cəbhəsini genişləndirməklə Ukrayna qoşunlarının sıxlığını azaltmaqdan ibarətdir”, – deyə Ədalət Verdiyev fikrini yekunlaşdırıb.

Nicat Osman

TodayPress TV

tag: Ədalət Verdiyev,Ekspert,Rusiya,NATO,Todaypress.tv,