MDB liderləri Peterburqda toplaşır: Azərbaycan lideri iştirak edəcək?

Təhlil

27.11.2025 16:34

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun məlumatına görə, MDB-nin Yeni il öncəsi ənənəvi qeyri-rəsmi sammiti bu il dekabrın 21-22-də Sankt-Peterburq şəhərində keçiriləcək.


Maraqlıdır, Prezident İlham Əliyev bu il sammitdə iştirak edəcəkmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Rüstəm Tağızadə bildirib ki, son aylarda Azərbaycan-Rusiya münasibətlərində müəyyən yumşalmalar müşahidə olunsa da, Rusiya daxilində Azərbaycana qarşı qərəzli mövqe hələ də qalmaqdadır:


“Bu həm siyasi mühitdə, həm də mediada özünü göstərir. Azərbaycan çoxvektorlu siyasət yürüdür və bu baxımdan ölkə başçısının Rusiyadakı görüşdə iştirak ehtimalı var. Lakin iştirak məsələsinə yalnız dövlət başçısı qərar verəcək. Azərbaycanın milli maraqları və prioritetləri diqqətlə təhlil olunur və qərarlar məhz bu prinsiplərə uyğun qəbul edilir.

Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik və soyuqlaşma əsasən Rusiya Federasiyasının məsuliyyətidir. Lakin Rusiya-Ukrayna müharibəsi davam etdiyi üçün Moskva enerjisini tam şəkildə Azərbaycan istiqamətinə yönəldə bilmədi. Əgər müharibə olmasaydı, Rusiya daha aqressiv siyasət yürüdə bilərdi, çünki xarici siyasətində aqressiv yanaşma onun əsas prinsiplərindən biridir”.

Qeyd edək ki, bu qeyri-rəsmi görüşdən əlavə, Ali Avrasiya İqtisadi Şurasının iclası da keçiriləcək. 

Qiymət Mahir

TodayPress TV

tag: Rüstəm Tağızadə,Politoloq,MDB,Peterburq,Todaypress.tv,