Tarixin tozlu arxivinə qovuşan Minsk qrupu: “Mənfi nümunə kimi yaddaşlarda qalacaq”

Təhlil

22.08.2025 18:15

“ATƏT-in Minsk qrupu missiyasını vicdanla yerinə yetirməyib və tarixə mənfi nümunə kimi düşəcək”. 

Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Minsk qrupu Azərbaycanı işğalla barışmağa məcbur etmək üçün təzyiq vasitələrindən istifadə edib:

“Minsk qrupu vasitəçilik missiyasını üzərinə götürsə də, bu istiqamətdə uğurlu addımlar atmayıb. Qrupun həmsədrləri 30 ilə yaxın müddət ərzində cinayətkarcasına fəaliyyətsizlik nümayiş etdiriblər. Onların məqsədi Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq yox, zaman keçdikcə işğal altındakı torpaqlarımızın ermənilərin xeyrinə rəsmiləşdirilməsi olub”. 

Parlamentari vurğulayıb ki, Azərbaycan uzun müddət Ermənistana Minsk qrupunun vasitəçilik missiyasından imtina ilə bağlı birgə müraciət ideyasını təklif edib. Lakin rəsmi İrəvan bu məsələdə də qeyri-konstruktiv mövqe sərgiləyib.

Bütün bunlara baxmayaraq, nəhayət avqustun 8-də təşkil olunan Vaşinqton görüşündə bu məsələ də öz həllini tapıb:

“Azərbaycan və Ermənistan dövlət başçıları ATƏT-in Minsk Qrupunun həmsədr institutundan imtina və onun struktur vahidlərinin ləğvi ilə bağlı birgə müraciət ünvanlayıblar. Yaxın zamanda bu müraciətə baxılacaq və Minsk qrupu faktiki olaraq tarixin arxivinə qovuşacaq”. 

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə ATƏT-in Minsk qrupunun taleyi haqqında məlumat verib. Ölkə başçısı bildirib ki, biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır: 

“Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

Aysel Mətləb

tag: Arzuxan Əlizadə,Deputat,Minsk,Qrupu,Todaypress.tv,

photo