Düz 6 ildən sonra: ABŞ bu dəfə Çin-Rusiya münasibətlərinə qarşı!
Təhlil
24.10.2025 14:17
ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində keçiriləcək APEC sammiti çərçivəsində Çin Sədri Si Cinpinlə görüşəcək. Bu, iki liderin 2019-cu ildən bəri ilk təkbətək görüşü olacaq.
Görüşün əsas mövzularına ticarət münasibətləri, Rusiya neftinin alışı və Ukraynadakı müharibənin gələcəyi daxildir. Trampın Çin məhsullarına qarşı 100 faiz tarif tətbiq etməsi iki ölkə arasında gərginliyi artırıb. Ekspertlər bu görüşün həm ABŞ-Çin əlaqələrinə, həm də Pekin-Moskva münasibətlərinə təsir edə biləcəyini istisna etmir.
Maraqlıdır, Tramp və Si Cinpinin görüşü ABŞ-Çin münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Şakir Ağayev bildirib ki, görüşdə müəyyən vacib məsələlər müzakirə olunacaq:
"Tramp Si Cinpinlə şəxsən görüşmək fikrindədir və bu görüşdə Amerika-Çin münasibətləri, Çinin mallarına tətbiq edilən tariflər və s. müzakirə mövzusu olacaq. Tramp istəyir ki, Çinlə bu məsələləri geniş müzakirə etsin. Bu məsələlər sözsüz ki, ABŞ-Çin münasibətlərində müəyyən rol oynayacaq və qaranlıq qalan məqamlara aydınlıq gətiriləcək. Amerika-Çin münasibətlərində müəyyən problemli məsələlər var ki, bu görüşlə tamamilə həll olunacaq. Amma ən azından fikir mübadiləsi aparıb müəyyən bir ortaq məxrəcə gələ bilərlər".
Analitik liderlərin görüşünün Rusiya-Çin münasibətlərinə mümkün təsirlərindən də danışıb:
"O ki qaldı görüşün Rusiya-Çin münasibətlərinə təsirinə, güman etmirəm ki, bunun bugünkü Rusiya-Çin münasibətlərinə təsiri olsun. Hətta Çin XİN dünən də bəyanat verdi ki, heç bir sanksiya və təzyiqlər bizim Rusiya ilə münasibətlərimizə təsir göstərə bilməz. Trampın ən əsas məqsədi odur ki, Rusiyanı Çindən yaxud Çini Rusiyadan ayırsın. Çünki Amerikanın bu gün ən böyük məqsədi Çinin inkişafının qarşısını alamaqdır. Çinin Rusiya sərvətləri hesabına iqtisadiyyatının güclənməsinin qarşısının alınması onun üçün vacibdir. Amerika qarşısına məqsəd qoyub ki, Çin-Rusiya münasibətləri korlansın, yaxud da yaxşılığa doğru dərinləşməsin. Amma Rusiya tərəfi də bunu dəfələrlə deyib ki, ABŞ-Rusiya danışıqları və ya münasibətləri Rusiya-Çin münasibətlərinə təsir etməyəcək. Rusiya ilə Çinin münasibətləri bu gün çox dərinləşib. Bu ən çox Çin üçün əhəmiyyətlidir. Çin Rusiyadan ucuz xammal, enerji resursları alır və sərfəli bazar əldə edib. Çin də bilir ki, Amerika bunun qarşısını almaq istəyir. Yekun olaraq hesab etmirəm ki, bu münasibətlərə təsir göstərəcək".
Jalə Rövşən
tag: Şakir Ağayev,Siyasi ekspert,ABŞ,Rusiya,Çin,Todaypress.tv,
