Tramp “gizli plan” dedikdə nəyi nəzərdə tutur? - ŞƏRH

Təhlil

05.09.2025 17:51

"ABŞ-nin Rusiya, Çin, həm də Şimali Koreya ilə ciddi problemləri var. Ən təhlükəli hesab etdiyi isə Çin və Şimali Koreyadır". 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, ABŞ üçün hazırda ən real hərbi təhdid məhz Şimali Koreyadan gözlənilir:

"Şimali Koreyanın kütləvi qırğın silahları mövcuddur, nüvə silahına sahibdir və Şimali Koreyanın raket sistemləri ABŞ-nin ən iri şəhərlərini hədəfə almaq imkanlarına malikdir. Bu səbəbdən də, ABŞ üçün hazırda Şimali Koreya əsas hərbi təhdid rolunu oynayır. Buna paralel olaraq, Çin də ABŞ-nin əsas qlobal rəqibidir. Çünki ABŞ və Çin arasında iqtisadi-ticari rəqabət mövcuddur. Bu rəqabətdə hələlik ABŞ Çinə nisbətən uduzmaqdadır. Prezident Donald Tramp administrasiyası da bu situasiyanı dəyişmək üçün əlindən gələn hər şeyi edir".

Analtik o cümlədən Rusiyanı da nüvə potensialı olan dövlət adlandırıb:

"Hazırda Kreml Tramp administrasiyasının bütün sülh təşəbbüslərini iflasa uğradır. Belə bir şəraitdə ABŞ üçün Çin, Rusiya və Şimali Koreyanın bir araya gəlməsi olduqca ciddi problemlər yarada bilər. Tramp da böyük ehtimalla "gizli plan" dedikdə bu üç dövlətin ABŞ-yə qarşı iqtisadi, hərbi, həm də ticarət istiqamətləri üzrə birləşə biləcəyinə eyham vurur. Böyük ehtimalla, Tramp və onun administrasiyası Çin, Rusiya və Şimali Koreya dövlət liderlərinin bir araya gəlməsindən ciddi şəkildə narahatdır. Narahatlıq bu üç dövlətin ABŞ-yə qarşı ortaq mövqedə birləşə biləcəyindən qaynaqlanır".

Qeyd edək ki, Pekində keçirilən hərbi paradla bağlı paylaşım edən ABŞ Prezidenti Donald Tramp Çin, Rusiya və Şimali Koreya başçılarını ABŞ-yə qarşı sui-qəsd hazırlamaqda ittiham edib. 

Çinli həmkarına gözəl və unudulmaz bir bayram günü arzulayan ABŞ lideri mesajını bu sözlərlə bitirib: 

“ABŞ-yə qarşı gizli planlar qurarkən Vladimir Putinə və Kim Çen Ina səmimi salamlarımı çatdırın”.

Diqqətə çatdıraq ki, ABŞ lideri "gizli plan" deyərkən nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Qiymət Mahir

tag: ABŞ,Rusiya,Çin,Şimali Koreya ,Todaypress.tv,