Şanxayda keçirilən Ərdoğan və Putin görüşünün hansı nəticələri ola bilər? - ŞƏRH
Təhlil
01.09.2025 16:50
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib.
Məlumdur ki, Türkiyə Ukrayna-Rusiya danışıqlarında əsas vasitəçilərdən biridir.
Bəs bu görüş gələcək üçün nə vəd edir?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin inkişafı Ukraynadakı müharibənin gedişatına ciddi təsir göstərə bilər.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Türkiyənin vasitəçilik missiyasını alqışlayıb və bu istiqamətdə ən uğurlu təşəbbüslərin məhz Ankara tərəfindən həyata keçirildiyini vurğulayıb:
"Taxıl razılaşması, əsirlərin mübadiləsi, o cümlədən Azov batalyonunun döyüşçülərinin təhvil verilməsi kimi mühüm proseslər Türkiyənin vasitəçiliyi ilə baş tutub. Bu da onu göstərir ki, Rusiya və Ukrayna arasında nəticə əldə edə bilən yeganə ölkə məhz Türkiyədir".
Politoloq onu da qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın həm Moskvada, həm də Kiyevdə böyük nüfuzu var:
"Putin dəfələrlə Ərdoğana hörmətini açıq şəkildə ifadə edib. Ona görə də Ukrayna münaqişəsinin dayandırılmasında əsas rol Türkiyənin üzərinə düşür. İstisna deyil ki, gələcəkdə Putin və Zelenski məhz Ərdoğanın vasitəçiliyi ilə bir araya gəlsin və bu görüş Türkiyədə baş tutsun".
Ekspert həmçinin əlavə edib ki, Pekində Rusiya və Türkiyə liderlərinin görüşü də ikitərəfli münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyindən xəbər verir.
Zeynal Əmrəliyev qeyd edib ki, Türkiyənin regionda artan nüfuzu və diplomatik imkanları deməyə əsas verir ki, Ukrayna münaqişəsinin həllində açar dövlət hazırda məhz Türkiyənin özüdür.
Qeyd edək ki, Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir. Genişmiqyaslı illik sammitdə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat iştirak edir.
Türkan İsgəndərli
tag: Şanxay,Putin,Ərdoğan,Çin,Todaypress.tv,