Azərbaycan bu gün də Leninin geosiyasi cinayətlərinin nəticələrini aradan qaldırmaqla məşğuldur

Təhlil

22.04.2026 12:32

Azərbaycanın XX əsr tarixi Rusiya imperiyasının süqutu və Vladimir Leninin rəhbərliyi, bolşeviklərin hakimiyyətə gəlməsi ilə müşayiət olunan qlobal sarsıntılarla sıx bağlıdır. Azərbaycan xalqı üçün bu dövr milli həyatın bütün sahələrində dərin struktur deformasiyaları ilə yadda qalmışdır. Leninin Azərbaycana münasibətdə apardığı siyasət ideoloji şüarlar ilə Moskvanın strateji resurslar və ərazilər üzərində nəzarətini saxlamağa yönəlmiş sərt praqmatizmin sintezindən ibarət idi. 


Leninin Azərbaycan xalqına vurduğu ən böyük zərbə 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) devrilməsi oldu. 1918-ci ildə elan edilmiş AXC müsəlman dünyasında ilk demokratik dünyəvi dövlət idi və Paris Sülh Konfransında dünya gücləri tərəfindən de-fakto tanınmışdı. Lakin Lenin hökuməti üçün müstəqil Azərbaycan Qafqazda hegemonluq qurmaq və Xəzər neftinə çıxış əldə etmək yolunda maneə idi.


İşğal prosesi Lenin tərəfindən birbaşa idarə olunurdu. O, 11-ci Qırmızı Orduya aprelin 27-də sərhədi keçmək və Bakını zəbt etmək əmrini vermişdi. Suveren dövlətin xarici ordu tərəfindən işğalı sovet tarixşünaslığında onilliklər boyu "sosialist inqilabı" kimi təqdim olunmuşdur.

Leninin Azərbaycana olan marağının əsasında Bakı nefti dayanırdı. 1920-ci il martın 17-də Orconikidze və Similqaya göndərdiyi teleqramda Lenin açıq şəkildə yazırdı: "Bakını almaq bizə olduqca və olduqca zəruridir". İşğaldan dərhal sonra neft sənayesi milliləşdirildi və Azərbaycanın resursları tamamilə Rusiyanın xidmətinə verildi.


Hələ 1918-ci ildə Lenin Stepan Şaumyana Bakını müdafiə edə bilməyəcəkləri təqdirdə şəhəri və neft mədənlərini tamamilə yandırmaq üçün gizli təlimat və bu məqsədlə 50 milyon rubl vəsait göndərmişdi. Belə faktlar Leninin Azərbaycanın milli sərvətlərinə və xalqın taleyinə qarşı olan dağıdıcı münasibətinin bariz nümunəsidir.

Lenin rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünə vurduğu ən ağır zərbələrdən biri Zəngəzurun Ermənistana verilməsi oldu. 1920-ci il avqustun 10-da Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək qərarı çıxardı, Qarabağ və Zəngəzuru isə "mübahisəli ərazilər" elan etdi.

30 noyabr 1920-ci ildə Moskvanın təzyiqi ilə Zəngəzurun Ermənistana verilməsi rəsmiləşdirildi.

Bu qərarın fəsadları nəticəsində:

1. Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi kəsildi.

2. Azərbaycan və bütöv Türk dünyası coğrafi olaraq iki yerə bölündü.

3. Regionda onilliklər boyu davam edən münaqişələrin təməli qoyuldu.

Leninin "parçala və hökm sür" siyasəti Qarabağ məsələsində də özünü göstərdi. Qarabağın əzəli Azərbaycan torpağı olmasına baxmayaraq, 1920-ci ildə Moskvanın qərarı ilə bu bölgənin "mübahisəli" elan edilməsi gələcək etnik qarşıdurmalar üçün minalanmış zona yaratdı. Dağlıq Qarabağa muxtariyyət verilməsi mərkəzi hakimiyyətin Bakıya təzyiq rıçağına çevrildi.

Leninin sanksiyası ilə Azərbaycanın siyasi, hərbi və intellektual elitası sistemli şəkildə məhv edildi. İşğalın ilk illərində Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, yüzlərlə zabiti güllələndi. Firidun bəy Köçərli, İsmayıl xan Ziyadxanov kimi görkəmli ziyalılar və mütəfəkkirlər terrorun qurbanı oldular. Xalqın intellektual potensialına və genofonduna sağalmaz bir yara vuruldu.


Lenin ideologiyasının ayrılmaz hissəsi olan aqressiv ateizm Azərbaycanda islam irsinin məhvinə yönəldi. Məscidlər bağlandı və ya anbarlara çevrildi, dini xadimlər təqib edildi.  Azərbaycan xalqının milli kimliyinin əsas sütunlarından biri olan dini inanc bolşeviklər tərəfindən "gerilik" kimi damğalanaraq mənəvi terrora məruz qaldı.

1920-ci illərdə başladılan əlifba dəyişiklikləri (ərəb qrafikasından latın qrafikasına keçid) zahirən proqressiv görünsə də, əsas məqsəd Azərbaycan xalqını öz çoxəsrlik ədəbi və tarixi irsindən uzaqlaşdırmaq idi. İslahat nəticəsində yeni nəsillər keçmiş tarixini oxumaq imkanından məhrum edildi və xalqın mədəni yaddaşına ciddi zərbə vuruldu.

1920-ci ilin yayından etibarən Azərbaycanda tətbiq edilən "ərzaq sapalağı" siyasəti kəndlilərin amansızcasına qarət edilməsi ilə nəticələndi. Xüsusi hərbi dəstələr kəndlilərin əlindən nəinki artıq taxılı, hətta toxumluq ehtiyatı da zorla alırdılar. Bu siyasət Azərbaycanın bir çox bölgələrində aclığa və kütləvi narazılığa səbəb oldu. Qarət olunan ərzaq ehtiyatları Rusiyanın sənaye mərkəzlərini və Qırmızı Ordunu təmin etmək üçün ölkədən çıxarılırdı.

AXC-nin qısa müddətdə formalaşdırdığı milli ordu işğaldan dərhal sonra tərk-silah edildi və ləğv olundu. Azərbaycanın hərbi strukturları Rusiyanın tabeliyinə keçdi.  Azərbaycanı öz sərhədlərini müdafiə etmək qabiliyyətindən məhrum edildi və ölkəni Moskvanın hərbi iradəsinin əsirinə çevirdi.

Leninin ərazi və inzibati islahatları (məsələn, Stalin dövründə - 1930-cu il rayonlaşdırılması) gələcəkdə azərbaycanlıların öz tarixi torpaqlarından didərgin salınması üçün hüquqi və coğrafi baza yaratdı. Zəngəzurun Ermənistana verilməsi və orada azərbaycanlıların milli azlıq vəziyyətinə düşməsi, sonradan 1948–1953-cü illər kütləvi deportasiyalarına yol açan əsas amil oldu .

Vladimir Leninin Azərbaycan siyasəti imperiya ambisiyalarının təmin olunmasına xidmət edirdi. AXC-nin devrilməsi ilə başlayan bu dövr iqtisadi talan, ərazi itkiləri və milli elitanın məhvi ilə nəticələndi. Bu gün müstəqil Azərbaycan dövləti hələ də həmin dövrdə qoyulmuş bir çox geosiyasi problemlərin nəticələrini aradan qaldırmaqla məşğuldur.

“1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”.

Bu fikirləri 27 avqust 2025-ci ildə  Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.


Dövlət başçısı 1917-ci ildə Rusiya imperiyasının süqut etməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını diqqətə çatdırıb:

“Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi.

Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı. Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər. Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar”.

Bəli, Leninin bu gün doğum günüdür. Öldükdən sonra da Azərbaycana miras qalan zərərləri yaşamaqda davam edir. 

Lenin başdan-ayağa ziddiyyətlərlə doludur. 1917-ci ilin almanlarla separat məğlubiyyət sazişi də, daha şimaldan içərisinə minib Petroqrada gəldiyi qatarın funksiyası da hələ açıqlanmayıb. Eynən, Mavzoleyin divarları arasında 102 ildir dəfnini gözləyən sümükləri kimi, onun dövrünün heç nəyi maddi olaraq qalmayıb, şalbanlar belə, ancaq mənəvi terrorun izi yaşamaqdadır.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

tag: Lenin,Azərbaycan,Rusiya imperiyası,Moskva,Todaypress.tv,