Suriyada gərginlik: Ölkə yenidən “barıt çəlləyi”nə dönür?

Təhlil

16.07.2025 17:08

“İsrail Druzlar vasitəsilə Suriyada bufer zona yaratmağa çalışır”.

Politoloq Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, Suriyanın Druz vilayətində toqquşma Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa hakimiyyətə gəldikdən sonra bir dəfə baş verib. Daha sonra Druzlarla Şam arasında razılıq əldə olunub və Druzlar Şamın hakimiyyətini qəbul ediblər. 

“Druzlar monolit deyil və xüsusilə Hikmət əl-Hicri Şamın nəzarəti altında yaşamağa qarşı çıxır, bu məsələdə dirəniş göstərir. Onun İsraillə əlaqələrinin olduğu bildirilir. Məhz bu səbəbdən Hikmət əl-Hicri Druzları Şama qarşı üsyana səsləyib. Mətbuatda yayılan məlumatlara əsasən, Suriya hökuməti Bakıda İsrail rəsmiləri ilə keçiriləcək görüşdən öncə Druzlarla bağlı əməliyyat planı hazırlayıb. Çünki Şam hesab edirdi ki, əgər Bakıda razılaşma baş tutmasa, İsrail Druz kartından istifadə edərək Şama qarşı təzyiq göstərə bilər. Hazırda Suriyada təxminən 700 min, Livanda 150 min, İsraildə isə 100 minə yaxın druz yaşayır. İsraildəki druzlar ölkə cəmiyyətinə inteqrasiya olunublar, parlamentdə təmsil olunurlar və əsasən Colan təpələrində məskunlaşıblar. Qeyd edilməlidir ki, İsrail Müdafiə Qüvvələrinin elit bölmələrindən biri olan “Colan qrupu” əsasən druzlardan ibarətdir”.

Ekspert Druzların Şama tabe olacağı halda nə baş verəcəyindən bəhs edib:

“İsrail Druzlar vasitəsilə Suriyada bufer zona yaratmağa çalışır. Digər tərəfdən, Druzlar daxildə İsrail hökumətinə də təzyiq göstərirlər ki, bu da Baş nazir Benyamin Netanyahunun mövqeyinə təsir edir.

Ümumilikdə, Suveyda əyalətində mübarizə hələ başa çatmayıb. İyulun 15-də Druzlar əyalət mərkəzini yenidən nəzarətə götürüblər. İsrail tərəfi isə Suriyadan Colan təpələrini İsrail ərazisi kimi tanımağı tələb edir. Mövcud proseslər də bu tələb fonunda baş verir və onun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Əgər Druzlar Şama tabe olarsa və Suveyda əyaləti tam nəzarətə götürülərsə, bu, Şam üçün mühüm problemin həlli anlamına gələcək və Şaraa hökuməti bundan sonra Kürd məsələsinə daha çox diqqət ayıra biləcək.

Lakin Druzlar arasında hələ də mübarizəni davam etdirmək niyyətində olan qruplar var və İsraillə münasibətlər bu məsələyə təsir göstərməkdə davam edir. Bu baxımdan, mübarizənin hələ uzun müddət davam edəcəyini söyləmək mümkündür”.

Qeyd edək ki, son günlərdə druz və bədəvi tayfaları arasında qarşıdurmalar daha da şiddətlənib. Xüsusilə, Süveyda vilayətində baş verən qanlı toqquşmalarda 30-dan çox insanın həlak olduğu, 100-dən artıq yaralının olduğu açıqlanıb. Bölgədə 18 suriyalı əsgərin öldürüldüyü, 9-nun isə əsir götürüldüyü iddia olunur. İsrailin müdafiə naziri Yoav Qallant və Baş nazir Benyamin Netanyahu, Suriya ordusuna məxsus hərbi hədəflərə qarşı aviazərbələr endirdiklərini açıqlamışdı. Bu hücumlar xüsusilə Süveyda yaxınlığında yerləşən hərbi anbarlar və konvoylara qarşı həyata keçirilib.

Qiymət Mahir

tag: Kamran Sultanlı,Politoloq,Suriya,Gərginlik,Todaypress.tv,

photo