Paşinyan axtarışda: Rusiya Aİ ilə əvəzlənir?

Təhlil

14.07.2025 15:07

“Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (AI) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Brüsseldə keçiriləcək üçtərəfli görüşün əsasən Ermənistanın maliyyə və iqtisadi ehtiyacları üzərində qurulması ehtimalı yüksəkdir”.  

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın asılılığından və təsir dairəsindən çıxmağa çalışsa da, bunun əvəzində ölkə Avropa İttifaqının (Aİ) təsir dairəsinə daxil olur:  

“Ermənistan Aİ-dən də ciddi şəkildə asılı vəziyyətə düşmüş kimi görünür. Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçiriləcək üçtərəfli görüşdə yəqin ki, Aİ-dən iqtisadi yardım istəyəcək. Çünki hazırda Ermənistan iqtisadiyyatı əsasən Rusiyadan asılıdır. Eyni zamanda, Rusiya patronajlığı altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistan üçün hələlik əvəzolunmaz olaraq qalır.   

Görüş zamanı bu məsələlərin müzakirə olunacağı ehtimal olunur və Paşinyan ölkəsinin bu asılılıqlardan xilas olması üçün Avropa İttifaqından daha genişmiqyaslı hərbi, maliyyə və iqtisadi yardımların göstərilməsini tələb edə bilər. Çünki alternativ maliyyə mənbələri olmadan Ermənistanın müstəqil şəkildə ayaqda qalması mümkün deyil. Bu səbəbdən Ermənistanın Rusiyadan tam şəkildə uzaqlaşması real görünmür. Əgər Aİ də Ermənistanın Moskvanın təsirindən tam çıxmasında maraqlıdırsa, bu zaman hansısa mərhələdə İrəvana daha böyük həcmdə maliyyə və iqtisadi yardımın göstərilməsi istisna edilmir. Əslində, bu gün də müəyyən səviyyədə dəstək göstərilir, lakin bu yardımlar vaxtilə vəd edilən məbləğlərlə müqayisədə kifayət qədər deyil. Məhz bu səbəbdən Ermənistan Rusiyadan tam uzaqlaşmaqda çətinlik çəkir”.

Ekspert Qərbin, o cümlədən Aİ-nin İrəvana yeni vədlər verəcəyi istisna etməyib, lakin bildirib ki, həmin vədlərin reallaşma ehtimalı hələ ki, müəyyən şübhələr doğurur.

“Bu baxımdan, Brüsseldə keçiriləcək üçtərəfli görüşün əsasən Ermənistanın maliyyə və iqtisadi ehtiyacları üzərində qurulması ehtimalı yüksəkdir”, - deyə analitik yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 14-də Brüsselə işgüzar səfərə yollanıb. O, Avropa İttifaqı (AI) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşüb.

Qiymət Mahir

tag: Elçin Xalidbəyli,Politoloq,Paşinyan,Rusiya,Aİ,Todaypress.tv,

photo