“Mülki formatlı bəhanə…” – Brüsselin gizli planı AÇIQLANDI!
Təhlil
19.09.2025 15:17
Vaşinqton razılaşmasına əsasən, Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının bölgədən çıxması nəzərdə tutulur.
Missiya əvvəlcədən müvəqqəti xarakter daşısa da, heyətin tərkibi və qalma müddəti Azərbaycanın razılığı olmadan uzadılıb. Halbuki Bakı ilk gündən bu yanaşmaya qarşı idi. Sülh sazişinin paraflanması və delimitasiya üzrə danışıqların aparılması fonunda hərbi eskalasiya riskləri minimuma enib. Belə olan halda missiyanın “atəşkəs monitorinqi” funksiyasına ehtiyac qalmır.
Bu səbəbdən sual yaranır: missiyanın hələ də bölgədə qalması real təhlükəsizlik zərurətindən irəli gəlir, yoxsa bu, Aİ-nin Ermənistanda mövcudluğunu başqa ad altında davam etdirmə cəhdidir?
“Bitərəf” yox, siyasi alət
Mövzunu TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Aİ-nin Ermənistandakı Mülki Monitorinq Missiyası 2023-cü ildən fəaliyyət göstərsə də, iddia etdiyi “təhlükəsizlik, şəffaflıq və etimad quruculuğu” missiyası reallıqda bitərəf xarakter daşımır:
“Qurum faktiki olaraq Ermənistanı dəstəkləyən siyasi alətə çevrilib. Ona görə də missiyanın şəffaflıq yaratmaq istəyi məntiqsiz görünür. Azərbaycan tərəfi də haqlı olaraq bildirir ki, eskalasiya riski azalıb və sülh danışıqları gedirsə, “atəşkəs monitorinqi”nin praktiki zərurəti yoxdur. Ermənistan isə bu missiyanın arxasında gizlənməklə sabah revanşist əhval-ruhiyyəyə qayıda bilər”.
Brüsselin gizli məqsədi
Ekspertin qənaətincə, missiyanın bölgədə qalmasının səbəbləri siyasi və geosiyasi xarakter daşıyır:
“Aİ Cənubi Qafqazda Rusiyanın zəifləyən təsirini doldurmaq niyyətindədir. Ermənistanda qalmaqla Brüssel bölgədəki siyasi çəkisini artırır və İrəvana psixoloji dəstək verir. Ermənistan Aİ-nin varlığını potensial “təhlükəsizlik zəmanəti” kimi qəbul edir. Bundan əlavə, Brüssel siyasi siqnal göndərməyə çalışır ki, regionda sadəcə vasitəçi deyil, həm də müəyyən dərəcədə təhlükəsizlik aktorudur”.
“De-fakto sülh var, missiyanın funksiyası qalmayıb”
K.Sultanlının sözlərinə görə, hazırda bölgədə de-fakto sülh mövcuddur:
“Vaşinqtonda sülh anlaşması paraflanıb, memorandum imzalanıb. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü qəbul edir və ona qarşı iddiası yoxdur. İkitərəfli birbaşa dialoq var, hərbi eskalasiya ehtimalı əvvəlki illərlə müqayisədə minimuma enib. Bu səbəbdən missiyanın sırf təhlükəsizlik baxımından funksiyası demək olar ki, qalmayıb”.
“Mülki formatlı bəhanə” – Brüsselin bölgədə qalma planı
Ekspert missiyanın davam etməsinin daha çox siyasi məqsədlərlə bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Brüssel bölgədə qalmaq və Ermənistanla strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindədir. Ona görə də missiyanın mövcudluğu real təhlükəsizlik ehtiyaclarından daha çox geosiyasi və siyasi xarakter daşıyır. Aİ bölgədə qalmaq üçün “mülki formatlı bəhanə” tapıb və missiyanın davam etdirilməsi bunun göstəricisidir.
Qiymət Mahir
tag: Kamran Sultanlı,Politoloq,Brüssel,Plan,Todaypress.tv,
