Sülh və sabitliyin şərti: “Ermənistan bu prinsiplərə əməl edərsə, o zaman Azərbaycan...”
Təhlil
21.07.2025 20:29
“Azərbaycanla Ermənistan arasında etimadın formalaşması üçün ən mühüm zəmanət beynəlxalq hüquq normalarıdır”.
Politoloq Əli Mustafa bunu TodayPress TV-yə açıqlamasında bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, tərəflər arasında uzunmüddətli və dayanıqlı sülh yalnız beynəlxalq hüququn prinsipləri əsasında təmin oluna bilər:
“Beynəlxalq hüquq dedikdə, yalnız aktlar deyil, həm də onun prinsipləri nəzərdə tutulur. Bu prinsiplərə BMT Nizamnaməsinə əsaslanan fundamental məsələlər - münaqişələrin dinc yolla həlli, gücdən istifadə edilməməsi, dövlətlərin suveren bərabərliyi, insan hüquq və azadlıqlarına hörmət, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı daxildir”.
Siyasi ekspert hesab edir ki, bu prinsiplərə əməl olunması regionda davamlı sülh və sabitlik üçün əsas şərtdir:
“Biz elə bir razılaşma görmək istəyirik ki, Ermənistan heç vaxt Azərbaycan ərazilərinə iddia etməsin, hərbi təxribatlara yol verməsin, hansısa fitnə-fəsadlarda iştirak etməsin və böyük güclərin əlində alət olmasın”.
Politoloqun fikrincə, beynəlxalq hüquq yalnız normativ çərçivə deyil, həm də dövlətlər arasında qarşılıqlı hörmətin, öhdəliklərə sadiqliyin və etibarlı münasibətlərin təməlidir.
“Əgər Ermənistan bu prinsiplərə əməl edərsə, o zaman Azərbaycanla münasibətlərdə etimad məhz beynəlxalq hüquq normalarına əsaslana bilər”, - deyə Əli Mustafa bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında bildirib ki, Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır.
Türkan İsgəndərli
tag: Azərbaycan,Ermənistan,Əli Mustafa,Beynəlxalq hüquq,Todaypress.tv,
