Şatdaun ABŞ-yə hansı riskləri gətirəcək? - Açıqlama
Təhlil
01.10.2025 19:14
1 oktyabr tarixində ABŞ hökuməti yeni maliyyə ili üçün büdcənin qəbul edilməməsi səbəbindən fəaliyyətini dayandırıb (şatdaun). "RBK"nın məlumatına görə, bununla əlaqədar dövlət qurumlarının maliyyələşməsi dayandırılıb, əksər dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndərilib. Yalnız kritik xidmət sahələrinin əməkdaşları maaşsız şəkildə işləməyə davam edirlər. Bu, son 7 ildə ilk tam şatdaundur və ABŞ tarixində 21-ci dəfə baş verir.
Məsələni TodayPress TV-yə şərh edən siyasi ekspert Polad Mehdiyev bildirib ki, hökumətin fəaliyyətini dayandırması həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təsirlərə səbəb ola bilər:
“Qısa müddətdə federal xidmətlər dayanır, yüz minlərlə dövlət qulluqçusu məzuniyyətə göndərilir və iqtisadi artım yavaşlayır. Uzun müddətdə isə bu böhranlar ABŞ-nin maliyyə etibarlılığına xələl gətirir, dolların qlobal mövqeyinə risklər yaradır. Dünyanın ən iri iqtisadiyyatında büdcə böhranlarının tez-tez baş verməsi, əslində, ABŞ siyasi sistemindəki dərin qütbləşmənin göstəricisidir. Demokratlarla Respublikaçılar arasında kompromisin olmaması büdcə qəbulunu çətinləşdirir və nəticədə dövlətin normal idarəçiliyi belə siyasi alverin qurbanına çevrilir”.
Ekspertə görə, şatdaun qısa müddətdə ABŞ iqtisadiyyatında ÜDM-in azalmasına, xidmətlərin ləngiməsinə, beynəlxalq bazarlarda isə qeyri-sabitliyə yol açır. Uzun müddətdə isə fiskal idarəetməyə inamı zəiflədir və dolların qlobal dominantlığına risk yaradır.
Jalə Rövşən
tag: ABŞ ,Polad Mehdiyev,Hökumət,Şatdaun,Todaypress.tv,
