Avropa narahatdır: Proses Ukrayna ilə bitməyəcək…
Təhlil
26.11.2025 15:56
Britaniyanın baş naziri Kir Starmer Rusiya Prezidenti Putinin ambisiyalarının Ukraynadan kənara çıxdığını deyib. Moskva isə bu iddiaları rədd edib.

Maraqlıdır, London və Moskvanın ziddiyyətli bəyanatları nəyə hesablanıb və bu, Avropanın təhlükəsizlik mühitini necə dəyişə bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik İlkin Məmmədkərimov bildirib ki, Avropa Ukraynadan sonra növbəti hədəfin özü ola biləcəyini hiss edir:

"Daha əvvəllər də dediyim kimi, Avropa, Böyük Britaniya və ümumilikdə Avropa Birliyi ölkələri çox yaxşı anlayırlar ki, Rusiya yalnız Ukrayna ilə kifayətlənən tərəf deyil. Ukraynadan sonra növbəti hədəflər məhz Avropa ölkələri ola bilər. İlk olaraq keçmiş SSRİ məkanının üzvü olmuş Polşa, Çexiya, Sloveniya, Slovakiya kimi ölkələr, daha sonra isə Almaniya, Fransa və hətta Böyük Britaniya risk altında hesab olunur. Yəni Rusiya üçün strateji məqsəd təkcə Ukrayna ilə məhdudlaşmır".
"Böyük Britaniyanın Baş nazirinin “münaqişə Ukraynadan kənara çıxır” fikri də əslində dediklərimin bir daha təsdiqidir".
Onun sözlərinə görə, bəzi Avropa ölkələri birgə hərəkət etməyin mahiyyətini artıq anlayır:

"Hazırkı vəziyyətdə Böyük Britaniya, Fransa və Almaniya Rusiyanı təkbaşına dayandıra bilməyəcəyini anlayır. Məhz buna görə Fransa ilə Böyük Britaniya arasında hərbi müdafiə sazişi imzalanıb, Almaniyanın isə bu ikiliyə qoşulması üçün danışıqlar gedir. “Financial Times”ın yazdığına görə, Berlin artıq bu üçtərəfli təhlükəsizlik formatına qoşulmağa yaxındır".
Ekspert qeyd edib ki, Qərb Putinin aqressiyasının onları real müharibə təhlükəsinə yaxınlaşdırdığını düşünür:
"Bütün bunlar göstərir ki, Qərb ölkələri Rusiya ilə mümkün müharibəyə real şəkildə hazırlaşır. Artıq hərbi toqquşmanın qaçılmaz olduğu barədə ciddi narahatlıq var. Çünki Putinin hazırkı davranışı, ambisiyaları və ekspansionist siyasəti tamamilə aqressiv və irrasional görünür".
Analitik sonda vurğulayıb ki, Putinin dağıdıcı işğal siyasəti onu tamamilə destruktiv bir lider kimi göstərir:
"Mən Putini bu gün 21-ci əsrin Hitleri adlandırardım. Çünki başqa izah yoxdur: heç bir əsas olmadan başqa bir ölkəyə hücum etmək, şəhərləri viran qoymaq, milyonlarla insanı qaçqın vəziyyətinə salmaq və öz ölkəsinin 1 milyon 200 mindən (bəzi mənbələrə görə 1 milyon 400 minə qədər) hərbçisinin ölümünə səbəb olmaq — bütün bunların məsuliyyəti birbaşa Putinin üzərindədir".

Jalə Rövşən
tag: İlkin Məmmədkərimov,Politoloq,Rusiya,Avropa,Todaypress.tv,
