SSRİ yenidən yaradılacaq? Qərb iddia, Kreml təkzib edir...

Təhlil

22.12.2025 18:05

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın SSRİ-ni bərpa etməyi planlaşdırdığı barədə yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, bu iddialar reallığa uyğun deyil və mümkün yanlış kəşfiyyat qiymətləndirmələrinin nəticəsidir.

Qeyd edək ki, bundan əvvəl Reuters ABŞ kəşfiyyat mənbələrinə istinadən Vladimir Putinin sovet təsir zonasını bərpa etmək niyyətində olduğu barədə məlumat yaymışdı. 

Maraqlıdır, Rusiyanın həqiqətən belə bir məqsədi ola bilərmi?  

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azad Məsiyev bildirib ki, Qərb mediası Rusiya ətrafında gərginlik yaratmaq üçün informasiya müharibəsi aparır: 


"Qeyd etmək lazımdır ki, Qərb kütləvi informasiya vasitələri hazırda psixoloji və informasiya müharibəsi aparır. Bu, təbiidir, çünki Rusiya–Ukrayna münaqişəsində Qərb fəal iştirak edir və faktiki olaraq tərəfdir.

Ümumilikdə Qərb dövlətləri açıq şəkildə Rusiya ətrafında gərginlik yaratmağa çalışırlar. Xüsusilə informasiya məkanında “Putin SSRİ-ni bərpa edəcək” tezisinin gündəmə gətirilməsi ilə Rusiyanın ətrafındakı müstəqil respublikaları Moskvanın əleyhinə yönəltmək məqsədi güdülür".

Analitik qeyd edib ki, SSRİ-nin ideoloji əsasları olmadığından onun bərpası mümkün deyil: 

"Əvvəla qeyd etmək lazımdır ki, SSRİ ideoloji bir dövlət idi və bu ideoloji baza olmadan onun yenidən yaradılması mümkün deyil. Rusiya rəsmiləri də bunu dəfələrlə açıq şəkildə bəyan ediblər. Hətta Vladimir Putinin məşhur bir ifadəsi var: “SSRİ-nin dağılmasına görə kədərlənməyənlərin qəlbi yoxdur, onu bərpa etmək istəyənlərin isə ağlı yoxdur.”"

Onun sözlərinə görə, buna baxmayaraq, Qərb mediası Rusiya ətrafında gərginlik yaratmaq cəhdlərini davam etdirir və bu cür informasiya kampaniyalarını məqsədli şəkildə gücləndirir. Bu yanaşmanın əsas məqsədi Rusiyanı təcrid etmək, eləcə də onun müttəfiqi olan respublikaları Rusiya əleyhinə istifadə etməkdir.

A.Məsiyev sonda əlavə edib ki, bu cür iddialar Rusiyaya qarşı yönəlmiş təbliğatın tərkib hissəsidir. Rusiya rəsmiləri isə ardıcıl şəkildə SSRİ-nin bərpasının qeyri-mümkün olduğunu vurğulayırlar. Qərbin əsas məqsədi Rusiyanı zəiflətmək və beynəlxalq ictimaiyyətdə dezinformasiya yaymaqdır.

 Jalə Rövşən

TodayPress TV

tag: Azad Məsiyev,Politoloq,Rusiya,SSRİ,Todaypress.tv,