Seçkilərdən sonra kritik mərhələ — Türkmənlərin taleyini nə müəyyən edəcək?

Təhlil

14.11.2025 15:45

İraqda keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkənin siyasi reallığında həm davamlılığın, həm də mühüm dəyişikliklərin baş verdiyini göstərir.

Baş nazir Məhəmməd Şiya əs-Sudaninin rəhbərlik etdiyi Yenidənqurma və İnkişaf Koalisiyası ilk yerdədir. Ardınca keçmiş parlament sədri Məhəmməd Halbusinin Təkəddum Partiyası və keçmiş baş nazir Nuri əl-Malikinin Qanuni Dövlət Koalisiyası gəlir. Ammar Hakimin Dövlət Qüvvələrinin Milli Alyansı dördüncü, Sadiqun siyahısı isə beşinci yerdə qərarlaşıb. Mosul və Ərbildə isə Məsud Bərzaninin KDP-si birinci yerdə qərarlaşıb. 


Bəs Sudaninin koalisiyasının öndə olması və KDP-nin Mosul–Ərbil xəttində birinci gəlməsi İraqın gələcək siyasi xəttini necə dəyişə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, İraqda 11 noyabrda keçirilən parlament seçkiləri həm ölkənin daxilində, həm də regionda dərin siyasi gərginliklərin yaşandığı bir dövrdə baş tutub:


“Yaxın Şərqdəki aramsız toqquşmalar, qeyri-sabitlik və silahlı birləşmələrin təsiri fonunda seçkilərin keçirilməsi asan deyildi. Bununla belə, bu proses İraqın gələcək taleyi baxımından ciddi önəm daşıyırdı. Bəzi radikal qrupların boykot çağırışlarına rəğmən 21 milyondan çox seçicidən 12 milyonu sandıq başına gələrək öz iradəsini ortaya qoydu”.

Ekspert bildirib ki, tayfa, mənsəb, təriqət və etnik parçalanmanın güclü olduğu bir ölkədə tam demokratiyadan danışmaq mümkün olmasa da, siyasi qüvvələrin nisbətinin aydınlaşması sabitlik üçün vacibdir:

“İlkin məlumatlara əsasən, Baş nazir Məhəmməd Şia əs-Sudaninin dəstək verdiyi “Yenidənqurma və İnkişaf” alyansı 329 nəfərlik parlamentdə 50 yer qazanıb. “Dövlət Qanunu” və “Sadiqlərin Hərəkatı” isə müvafiq olaraq 30 və 27 mandat əldə ediblər. Bu nəticələr Sudaninin postunu saxlamaq şansını artırır”.


Onun sözlərinə görə, seçkilər İran və ABŞ üçün də strateji əhəmiyyət daşıyıb:

“İran uzun illər şiə məzhəbi vasitəsilə İraq siyasətinə təsir göstərib. Lakin Müqtəda əs-Sədrin korrupsiyanı əsas gətirərək seçkiləri boykot etməsi Tehranın mövqelərini zəiflətdi. Bu situasiya parlamentdə şiələrin üstünlüyünə də mənfi təsir göstərdi”.

Politoloq xatırladıb ki, İraqda siyasi sistem tarixi ənənələrə görə məzhəb bölgüsü əsasında qurulub:

“Prezident kürd, baş nazir şiə, parlament sədri isə sünni icmasından seçilir. Bu bölgü ölkədəki dini və etnik müxtəliflik fonunda təmsilçilik balansını qorumağa yönəlib”.

Əli Orucov əlavə edib ki, Azərbaycan üçün xüsusi önəm daşıyan məsələ sayları 5 milyondan çox olan türkmənlərin dövlət idarəçiliyindəki roludur:

“Körfəz müharibəsindən sonra ABŞ-nin rəhbərlik etdiyi koalisiya Səddam Hüseyn rejimini devirdikdən sonra 6 milyonluq kürdlərə verilən geniş imtiyazlar bölgədə sabitliyi riskə atdı. İraqın şimalında Kürd Muxtariyyəti yaradıldı və prezidentlik ənənəvi olaraq kürdlərə verildi. Türkmənlər isə Kərkük, Ərbil və Süleymaniyyədə assimilyasiya və etnik təmizlənmə ilə üzləşdilər. Bir zamanlar türkmən şəhərləri olan məkanlar tədricən kürdləşdirildi, demoqrafik mənzərə köklü şəkildə dəyişdi”.

Ekspert diqqətə çatdırıb ki, yeni parlamentdə türkmənlərin neçə yer alacağı hələ məlum deyil:

“Türkmən icması içində də məzhəb bölgüləri mövcuddur. Buna baxmayaraq, əvvəlki parlamentdə onların müəyyən təmsilçiliyi vardı. İndiki seçkilərdən sonra şiə üstünlüyünün Vaşinqtonu tam qane etmədiyi görünür, lakin İraqda şiələrin əhalinin 60 faizini təşkil etməsi bu reallığı dəyişmir”.

Sonda siyasətçi vurğulayıb ki, türkmənlərin hüquqlarının qorunması bütün türk dövlətləri üçün strateji məsələdir. Həm Ankara, həm də Bakı bu istiqamətdə təşəbbüskarlıq göstərməlidir. Mərkəzi Asiya Türk Dövlətlərinin də prosesə cəlb edilməsi İraqdakı türkmənlərin mövqelərini möhkəmləndirəcək və onların hüquqlarının müdafiəsinə ciddi töhfə verəcək. 

Qiymət Mahir

tag: İraq,Seçki,Türkmən,Təhlil,Todaypress.tv,