“Ermənistan regional güclərin təzyiqlərini azaltmaq üçün ŞƏT-ə üz tutur” - ŞƏRH
Təhlil
16.07.2025 17:49
“Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq niyyətini indi səsləndirsə də, bu, yeni plan deyil”.
Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın belə bir qərar verməsi onun regional və qlobal güclər arasında balanslaşdırılmış siyasət aparmaq cəhdinin bir hissəsidir.
“Təşkilatda Rusiya, İran, Çin və Mərkəzi Asiya ölkələri kimi güclü regional aktorların təmsil olunması Ermənistan üçün əlavə manevr imkanı yaradır. Bu addım, eyni zamanda, İran və digər regional güclərin təzyiqlərini azaltmaq məqsədi daşıya bilər”.
Analitik Ermənistanın bu ölkələrlə həm Gömrük İttifaqı çərçivəsində, həm də ikitərəfli iqtisadi münasibətlərdə əməkdaşlığının mövcud olduğunu diqqətə çatdırıb.
“ŞƏT-ə üzvlük, bu iqtisadi əlaqələri daha da dərinləşdirmək və yeni imkanlar əldə etmək üçün platforma rolunu oynaya bilər”, - deyə o əlavə edib.
O.Qasımov sonda bidirib ki, Ermənistan həm Qərblə münasibətlərini qorumağa, həm də Şərqlə - xüsusən də Rusiya, Çin və İranla əməkdaşlığı gücləndirməyə çalışır. Bu isə onun xarici siyasətində neytrallıq və çoxvektorlu yanaşma yaratmaq məqsədi güdür.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq məqsədilə təşkilata rəsmi şəkildə müraciət edib.
Töhfə Səməd
tag: Oqtay Qasımov,Politoloq,Ermənistan,ŞƏT,Todaypress.tv,
