Cavabsız mesajlar, uzanan danışıqlar: Trampın səbri tükənir...

Təhlil

20.05.2025 16:00

53

“ABŞ prezidenti Donald Tramp adminstrasiyasının Cənubi Qafqaz maraqları hələ ki, ikinci plandadır. İndi Tramp üçün vacib məsələlər başqadır”. 

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə danışarkən deyib.

Onun fikrincə, Tramp üçün indi ən vacib məsələ Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır: 

“Problemin həllinin də sonrakı proseslərə start verəcəyi gözlənilir. Məsələ ondadır ki, Ukrayna məsələsi hələlik Rusiyanın diktəsi ilə davam edir. Tramp bu məsələdə olduqca səbr nümayiş etdirir. Bunun arxasında bir çox səbəblər qeyd edilsə də, Tramp hələ ki, Rusiyaya qarşı fikrini ciddi şəkildə dəyişmir. Ara-sıra bəzi mesajlar verir, amma hələ də Rusiya prezidenti Vladimir Putinin yola gələcəyinə ümid edir. Deyilənlər fonunda Putinin Trampla hansı şərtlərlə razılaşması tək Avropanın yox, Cənubi Qafqazın da gələcəyinə təsir edəcək. Tramp da Rusiyanın təsir dairəsinin müəyyənləşməsinə dəstək olacaq. Bu zaman Ermənistanın kimin təsir dairəsində qalması ayırd ediləcək”.

Ekspertə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun da Ermənistana səfəri hələlik iki ölkə arasında olan əlaqələrin gələcəyinə təsir etmir:

“Çünki Ukrayna məsələsi hələlik açıq qalır. Ukrayna məsələsi həllini taparsa, Ermənistan avtomatik olaraq Rusiyanın təsir dairəsinə qayıdacaq. Əksi olarsa, ABŞ əvvəlki müqavilələri aktivləşdirəcək”.

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Cozef Bayden vəzifəsindən gedər-getməz ABŞ-Ermənistan arasında xartiya imzalanmışdı. Fevralda isə amerikalı sərhədçilər Ermənistana yerləşməliydi. Bu mövzudan hələ də xəbər yoxdur. 

Qiymət Mahir

tag: Rusiya,ABŞ,Ukrayna,Tramp,Ermənistan,Təhlil,todaypress.tv,