Ukrayna müharibəsi üçün YENİ AKTOR təklif edildi: “London bu işə əl atmalıdır”

Təhlil

19.08.2025 16:25

“Rusiya hər mənada zəifləyir, London isə bu məsələdə həlledici aktor ola bilər”.

Politoloq Qədir Aslan bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, Alyaskada keçirilən son görüş Rusiyanın hərbi, siyasi, iqtisadi və geostrateji baxımdan sürətlə zəiflədiyini bir daha ortaya qoyub.

“Moskva üç il ərzində ciddi mövqe itkisi ilə üz-üzə qalıb və bu, kapitulyasiya prosesinin açıq göstəricisidir. Qərb dövlətləri, xüsusilə Avropa İttifaqı ölkələri isə hadisələrə öz xüsusi gündəlikləri əsasında yanaşır və bu gündəlik heç vaxt açıq paylaşılmır. Bu səbəbdən, onların siyasi gedişləri postsovet məkanında yerləşən ölkələrin maraqları ilə üst-üstə düşməyə bilər”.

Analitikin fikrincə, Ukrayna lideri Volodimir Zelenskiyə təzyiqlərin göstərilməsi və mümkün görüş təşəbbüsü isə Avropadan yox, birbaşa ABŞ-dən qaynaqlanır. Belə ki, Qərb hələ də Ukraynanın üzləşdiyi real itkiləri tam dərk etməyib.

Ekspert Ukrayna məsələsinin həllində öz yanaşmasını da ortaya qoyub. Belə ki, onun qənaətincə, bu prosesin əsl strateji istiqaməti Londonda müəyyən olunur: 

“Avqustun 14-də Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş zamanı gündəmə gələn “yüz illik müqavilə” Ukraynanın bütün maraqlarını təmin edir və heç bir ziyanlı məqam daşımır. Bu müqavilədən sonra, hətta Zelenskinin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü də baş tutsa, savaş yeni mərhələyə keçəcək və davam edəcək. Bu isə Rusiyanın mövqelərini daha da itirəcəyi anlamına gəlir”, - deyə Q.Aslan fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüşün baş tutacağına əmin olduğunu bildirib. Fransa Prezidenti Emmanuel Makron da bu təşəbbüsü dəstəkləyib və görüşün baş tutacağı mümkün məkanı da açıqlayıb. Onun sözlərinə görə, əgər iki və ya çoxtərəfli görüş keçirilsə, bu Cenevrədə baş tuta bilər. 

Töhfə Səməd

tag: Qədir Aslan,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,

photo