Ramiz Yunus: “Azərbaycanla diktə dilində danışmaq artıq faydasızdır”

Təhlil

19.05.2025 10:45

15

“Azərbaycan Prezidenti İlham Əliyev 9 May Qələbə Günü münasibətilə Moskvada keçirilən tədbirdə iştirakdan imtina etdikdən sonra, sanki düyməyə basılmış kimi Rusiya mediasında növbəti anti-Azərbaycan isteriyası baş qaldırdı”. 

TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.

O bildirib ki, bu hadisədən sonra təkcə Azərbaycan-Rusiya münasibətlərinin son dövrlərinə dair təhriflər deyil, həm də Azərbaycanın müstəqil xarici siyasət kursuna qarşı birbaşa hədələr gündəmə gəlib:   

“Elə təəssürat yaranır ki, Kremlin müasir ideoloji aparatına rəhbərlik edənlər hələ də Sovet İttifaqının paradiqmasında yaşayırlar. Məgər başa düşmək bu qədər çətindir ki, bu gün Azərbaycanla diktə dilində danışmaq təkcə Kremlin rəhbərləri üçün deyil, həm də Tehran, Brüssel, Paris və Vaşinqton üçün artıq faydasızdır. Prezident İlham Əliyevin Albaniyanın paytaxtında Avropa İttifaqı liderləri, eləcə də Fransa prezidenti ilə keçirdiyi son görüş bu yanaşmanın faydasız olduğunu sübut edən bariz nümunədir”.

Ekspert bu məqamda Rusiya rəhbərliyinə və onların təsiri altındakı media qurumlarına Azərbaycan xalqının tarixi yaddaşını xatırladıb:

“Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvar hadisələrini –  Kremlə Mixail Qorbaçovun rəhbərlik etdiyi vaxtda baş vermiş qətliamı çox yaxşı xatırlayır. Xocalı soyqırımı da xalqın yaddaşındadır. 1992-ci ilin fevralında Qarabağda ermənilər tərəfindən törədilmiş bu faciə 366-cı Rusiya motoatıcı alayının dəstəyi ilə baş vermişdi. Eləcə də, Birinci Qarabağ müharibəsi zamanı Ermənistana verilmiş dəstək, hansı ki, o dövrdə Kremldə Boris Yeltsin əyləşmişdi. Hazırkı Rusiya rəhbərliyi, xüsusən prezident Vladimir Putinin dövrünə gəlincə, bu illər ərzində Ermənistana milyardlar dəyərində silah göndərilib və ən önəmlisi, həmin silahlar İrəvana pulsuz verilib”.

Politoloq həmçinin vurğulayıb ki, İkinci Qarabağ müharibəsi zamanı 44 gün ərzində Rusiya silahlarının İran üzərindən Ermənistan ərazisinə çatdırılması da Azərbaycan xalqının yadındadır və heç vaxt unudulmayacaq:

“Bundan başqa, yaxın keçmişdə Azərbaycan mülki təyyarəsinin Qroznıya yaxınlaşarkən Rusiya raketi ilə vurulması və Rusiya tərəfinin bu məsələdə nümayiş etdirdiyi saymaz münasibət Kremlin Azərbaycana qarşı imperiya təfəkkürünün bariz nümunəsidir. Təəssüf ki, bu imperiya yanaşması təkcə Sovet dövründə deyil, müasir Rusiyada da bütün rəhbərlərin dövründə özünü göstərir. Bu cür davranışları Qarabağda, Abxaziyada, Tsxinvalidə və Dnestryanı bölgədə həm Qorbaçov, həm də Yeltsin sərgiləyib. Eyni siyasəti prezident Putin də davam etdirir”.

Ramiz Yunus Rusiya və onun rəhbərliyinin keçmiş imperiya dövrünə qayıtmasının mümkün olmayacağını anlamalı olduğunu diqqətə çatdırıb:

“Əks təqdirdə, nə Azərbaycanla, nə də post-sovet məkanındakı digər ölkələrlə münasibətlərdə pozitiv dönüş gözləməyə dəyməz. Çünki keçmiş SSRİ xalqlarının hər birinin öz tarixi yaddaşı var və Rusiya bu gerçəkliklə barışmalı olacaq. Azərbaycan və onun cəmiyyəti son tarixi təcrübələrindən dərs çıxarıb və biz heç vaxt keçmişə qayıdışa yol verməyəcəyik. Bu gün Azərbaycan cəmiyyətinin sərgilədiyi güclü birlik və konsolidasiya bunun açıq sübutudur”.

Politoloq sonda Rusiya rəhbərliyinə və onların təbliğatçılarına rus tarixçisi Vasili Klyuçevskinin “Tarix öyrətmir, o, ondan dərs ala bilməyənləri cəzalandırır” sözlərini xatırladıb.

Qiymət Mahir

tag: Ramiz Yunus,Politoloq,Azərbaycan,Dünya,todaypress.tv,