Strateji körpü: 42 km yol Avrasiyanın gələcəyini dəyişəcək!

Təhlil

11.09.2025 09:55

“Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən strateji yol rolunu oynayır”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə danışarkən deyib. 

O bildirib ki, Zəngəzur dəhlizinin açılması reallığa çevrildikcə onun ətrafında daha dəqiq qiymətləndirmələr aparılır, potensialı daha aydın görünür:

“Getdikcə daha çox ölkə bu dəhlizdən istifadə etmək təşəbbüsü göstərir. Bu isə, şübhəsiz ki, tarixi İpək Yolunun yeni marşrutunu müəyyənləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl dəhlizi sadəcə regional deyil, həm də Şimal–Cənub nəqliyyat dəhlizinin xüsusi seqmenti kimi qiymətləndirmişdi. Bu kontekstdən yanaşanda dəhlizin Avrasiya üçün əhəmiyyəti bir daha üzə çıxır. Lakin nəzərə almaq lazımdır ki, dəhlizin imkanları yalnız Şimal–Cənub istiqaməti ilə məhdudlaşmır, həm də Şərq–Qərb xətti üzrə mühüm perspektivlərə malikdir. Beləliklə, Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən strateji yol rolunu oynayır”.

Parlamentarinin sözlərinə görə, regional müstəvidə isə Zəngəzur dəhlizi təkcə geosiyasi və ya geoiqtisadi məsələ kimi deyil, həm də təhlükəsizlik baxımından qiymətləndirilməlidir. Çünki siyasi-iqtisadi maraqlar bir tərəfdən ön planda olsa da, onların şərtləndirdiyi regional təhlükəsizlik tamamilə başqa aspektdir. Bu isə onu göstərir ki, dəhlizə daha çox ölkənin qoşulması bölgədə daha etibarlı sülh və əməkdaşlıq mühitini formalaşdırır. Azərbaycanın mövqeyi sayəsində bu dəhlizdə müxtəlif ölkələrin maraqları uzlaşdırılır.

H.Babaoğlu dəhlizdən istifadə edə biləcək ölkələrin adlarını çəkib:

“Dəhlizdən istifadə edə biləcək dövlətlər sırasına Çindən başlayaraq Pakistan, Əfqanıstan, bütün Mərkəzi Asiya ölkələri, həmçinin Rusiya, İran, Ermənistan, Gürcüstan, Türkiyə və ona qonşu dövlətlər, eləcə də Avropa ölkələri daxildir. Əslində, Zəngəzur dəhlizi ən işlək, təhlükəsiz və faydalı yol olmaq imkanına malikdir. Bunun üçün isə cəmi 42 kilometrlik yeni yolun inşa edilməsi kifayətdir”.

Qiymət Mahir

TodayPress TV

tag: Hikmət Babaoğlu,Deputat,Zəngəzur,Avrasiya,Todaypress.tv,