Deputat: “Zəfər Günü milli həmrəyliyin təntənəsidir”

Təhlil

03.11.2025 16:14

8 Noyabr Zəfər Günü Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biridir. Bu gün xalqımızın qəhrəmanlığı, birliyi və mübarizə ruhu sayəsində əldə olunan böyük Qələbənin rəmzidir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu.


Zəfər Günü yalnız hərbi qələbənin deyil, milli həmrəyliyin, dövlətçilik iradəsinin və xalqın öz liderinə inamının təntənəsidir. Bu gün hər bir azərbaycanlı üçün fəxarət, başucalığı və milli kimlik rəmzidir. 

Deputat Aydın Mirzəzadə TodayPress TV-yə danışarkən bildirib ki, Zəfər Bayramı Azərbaycanın qürur və birliyinin təcəssümüdür: 


"Zəfər Bayramı Azərbaycanın müstəqilliyi, milli qüruru və torpaq bütövlüyü uğrunda apardığı uzunmüddətli mübarizənin məntiqi nəticəsidir. Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə bu məqsədə uzun illər ciddi şəkildə hazırlaşdı. İgid oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etdi. Daha sonra isə birgünlük antiterror əməliyyatı ölkədə separatizmin kökünü tamamilə kəsdi". 

Deputat vurğulayıb ki, 8 Noyabr xalqın qürur günüdür:


"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı üçün qürur, başucalığı və fəxarət günüdür. Bu gün igidlərimizin qəhrəmanlıq salnaməsini təcəssüm etdirir. Azərbaycan var olduqca, bu Zəfər Günü də xalqımızın simvolu kimi yüksək səviyyədə qeyd ediləcək".

Parlamentari vurğulayıb ki, yeni nəsil vətənə sevgi və Azərbaycançılıq ruhu ilə formalaşır: 

"Görünən odur ki, yeni nəsillər Azərbaycançılıq ruhunda böyüyürlər. Hər bir vətəndaş müstəqilliyin qorunmasını özünün ali vəzifəsi hesab edir. Bu keyfiyyətlər xalqımızın keçmişindən gələn dəyərlərin, bu günkü fədakarlığın və gələcək nəsillərin tarixə ehtiramının nəticəsidir".

Jalə Rövşən

TodayPress TV

tag: Aydın Mirzəzadə,Deputat,Zəfər günü,Həmrəylik,Todaypress.tv,