Qərbi Azərbaycana qayıdış milli ideyaya çevrilib: Ermənistan narahatdır…

Təhlil

04.07.2025 17:42

“İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş son iclasında 57 üzv ölkənin yekdil qərarı ilə Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək verilməsi Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Belə bir mövqenin nümayiş etdirilməsi onu göstərir ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bu siyasəti Azərbaycanın tarixi torpaqlarından azərbaycanlı izini silmək məqsədilə ardıcıl şəkildə davam etdirib”.

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə danışarkən deyib:

Onun sözlərinə görə, bu qərar həm də Ermənistanın bundan sonra Azərbaycana qarşı informasiya savaşı və qarayaxma kampaniyalarının qarşısını alacaq mühüm hüquqi və siyasi əsas yaradır:

“Çünki bu, beynəlxalq platformada ifadə olunan və təsbit olunan rəsmi mövqedir. Artıq bütün dünya görür ki, Ermənistan monoetnik dövlətdir və digər xalqların nümayəndələrinə qarşı dözümsüzlük nümayiş etdirir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini isə uzun illər ardıcıl şəkildə həyata keçirib.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan həmişə Ermənistanın işğalçı dövlət olduğunu dünyaya sübut etməyə çalışıb. Bu baxımdan qəbul edilən qətnamə mühüm əhəmiyyət daşıyır və Azərbaycanın haqlı mövqeyini beynəlxalq səviyyədə daha da möhkəmləndirir. 

Ermənistan uzun müddət münaqişə vəziyyətini dünyaya təhrif olunmuş şəkildə təqdim etməyə cəhd edirdi. Guya Azərbaycan ərazisində ermənilər yaşayır və bu ərazilər Ermənistanın tərkibinə qatılmalıdır. Lakin bu gün dünya artıq açıq şəkildə görür ki, təcavüzkar tərəf məhz Ermənistandır. Azərbaycan ərazisində yaradılan separatçı rejim məhz Ermənistanın dəstəyi ilə uzun illər saxlanılıb”.

Ekspert qeyd edib ki, Azərbaycan öz əraziləri üzərində tam suveren nəzarətini bərpa edib və ərazi bütövlüyünü tam şəkildə təmin edib:

“Bütün beynəlxalq platformalarda atılan addımlar yalnız Azərbaycanın haqlı mövqeyinin prinsipial və ardıcıl şəkildə müdafiəsinə xidmət edir. Artıq informasiya müstəvisində də hücum diplomatiyasını uğurla həyata keçiririk və Ermənistan üzərində bu sahədə də parlaq üstünlük əldə etmişik. Artıq nə beynəlxalq informasiya məkanında, nə də diplomatik platformalarda Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası əvvəlki kimi işləkdir.

Soydaşlarımızın bizim tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdışı artıq bizim üçün milli ideyaya çevrilib. Ermənistan da bu vəziyyətdən ciddi narahatdır, çünki Azərbaycanın bu ideyanı həyata keçirmək üçün konkret və ardıcıl addımlar atmağa hazır olduğunu görür. Bu, həqiqətən də bizim əzəli və tarixi haqqımızdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev bildirib ki, rəsmi Bakı keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirir.  

Qiymət Mahir

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Qərbi Azərbaycan,Qayıdış,Todaypress.tv,

photo