ABŞ ümid verir, Ankara gözləyir: "F-35"lərin taleyi necə olacaq?

Təhlil

12.11.2025 15:47

“Türkiyə uzun illərdir NATO üzvü olsa da, yeni silahlarla təminatda daim çətinliklərlə üzləşir. ABŞ çox vaxt Ankaraya köhnə və inventardan çıxarılmış texnikalar verir, sonra da onların ehtiyat hissələrinin satışından gəlir əldə edir.”

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, Türkiyənin NATO-ya qəbul edilməsinin əsas məqsədi SSRİ-ni cənub istiqamətində məşğul saxlamaq olub:

“Türk hərbçilərinin fikrincə, 1955-ci ildə NATO-ya üzvlük geosiyasi baxımdan SSRİ-ni Avropa cəbhəsindən yayındırmaq üçün atılmış taktiki addım idi. SSRİ-nin Türkiyə istiqamətində "Cənub dairəsi" adı altında iki diviziya saxlaması planlaşdırılır, bununla da sovet ordusunun Avropadakı qüvvələrinin bir hissəsinin zəiflədilməsi hədəflənirdi. Ən pis halda isə SSRİ-nin Türkiyəni işğal etməklə Avropadan uzaq durması ssenarisi nəzərdə tutulurdu. Bu səbəbdən Türkiyəyə müasir silahlar verilmirdi".


Ekspertin sözlərinə görə, vəziyyət bu gün də mahiyyətcə dəyişməyib:

“Məsələn, Ankaraya hələ də havadan müdafiə üçün "Patriot" HHM sistemləri verilmir. Türkiyə məcbur qalaraq Rusiyadan iki diviziya "S-400" zenit-raket kompleksi aldı. ABŞ isə bunu bəhanə gətirərək Türkiyəni "F-35" proqramından çıxardı — halbuki bu layihə çərçivəsində təyyarələrin minə yaxın detalı məhz Türkiyədə istehsal olunurdu".


Azər Qasımov hesab edir ki, Türkiyənin son illər yerli və milli silah-sursat istehsalına keçidi Qərbi ciddi şəkildə narahat edir:

“Ankara artıq öz tankını, helikopterini, döyüş təyyarəsini, pilotsuz uçuş aparatlarını və hava hücumundan müdafiə sistemlərini istehsal edən ölkəyə çevrilib. Bu texnikaların mühərriklərinin istehsalı da böyük ölçüdə həll edilib. Amma "F-35" təyyarələrinin idarəetmə proqramları ABŞ-nin nəzarətində qalır və Vaşinqton istədiyi an həmin təyyarələri uzaqdan bloklaya bilir".

Politoloq diqqətə çatdırıb ki, Türkiyə hazırda yeni alternativlər üzərində işləyir:

“Avropadan "Tayfun", həmçinin Qətər və İordaniyadan 24 ədəd ikinci əl "Eurofighter" təyyarələrinin alınması ilə bağlı danışıqlar aparılır. "F-35"lərin Türkiyəyə satılmaması yalnız ABŞ-nin mövqeyi ilə əlaqəli deyil — buna İsrail və Yunanıstan lobbilərinin ABŞ Konqresindəki təsiri də mane olur".



Siyasətçinin fikrincə, “F-35”lərin Türkiyəyə verilməsi hazırda real görünmür:

“Mövcud vəziyyətdə bu təyyarələrin Türkiyəyə satılması ehtimalı, demək olar ki, sıfır dərəcəsindədir. Lakin geosiyasi konyukturdan və bölgədəki güc balansından asılı olaraq gələcəkdə müəyyən dəyişikliklər mümkündür".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla son danışıqları zamanı "F-35"lə bağlı müsbət irəliləyiş əldə olunduğunu bildirib. Türkiyə lideri ümid edir ki, vədlər yerinə yetiriləcək. 

Qiymət Mahir

tag: Türkiyə,F-35,Silah,ABŞ,Todaypress.tv,