Sosial mediaya güvənən “Amerika Partiyası”: Maskın nə qədər şansı var?
Təhlil
07.07.2025 18:04
“Amerikalı milyarder İlon Maskın siyasi partiya yaratmaq istəyəcəyi istefa verdiyi gündən bəlli idi. Bu gün o, iş dünyasında böyük nüfuza malik və dünyanın ən zəngin iş adamlarından biri olsa da, siyasi keçmişi yoxdur”.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə danışarkən deyib:
Onun sözlərinə görə, Mask maddi resurslarına və əlindəki böyük sosial media platformasına güvənir:
“Reallıq isə ondan ibarətdir ki, 1990-cı illərdə biznesmen Ross Perot və başqaları da bu yola qədəm qoymuşdu, lakin uğur qazana bilmədilər. Həmçinin qeyd edim ki, ABŞ prezidenti Donald Tramp da dollar milyarderidir və onun çox ciddi siyasi əlaqələri var. Artıq özündən sonrakı varisi də məlumdur - bu, ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vensdir. İlon Maskın siyasi baxışları daha çox Respublikaçılara yaxın olduğu üçün onu bu partiya ilə müqayisə etmək daha doğrudur. Lakin Vensə qalib gəlmək ehtimalı yüksək deyil, çünki həm Trampın, həm də Vensin siyasi keçmişi var və siyasi elita onları dəstəkləyir. Onlar da kifayət qədər maddi resurslara malikdirlər və hazırda hakimiyyətdədirlər. Hakimiyyət isə hər zaman daha çox üstünlük qazandırır”.
K. Kazımov bildirib ki, İlon Mask Respublikaçılar daxilində kifayət qədər populyarlıq qazana bilmədiyini görsə, daha geniş siyasi çevrələrə xitab etməyə başlaya bilər:
“Bu yolla şansını artırması mümkündür, lakin açıq demək lazımdır ki, həm Demokratların, həm də Respublikaçıların oturuşmuş və ciddi qurumlar olduğunu nəzərə alsaq, Maskın şansı yoxdur”.
Qeyd edək ki, İlon Mask özünün “Amerika Partiyası” (“The America Party”) adlı yeni siyasi partiyasını təsis etdiyini açıqlayıb. Bu addımı o, ABŞ prezidenti Donald Trampla sosial şəbəkədəki mübahisədən sonra atıb.
Qiymət Mahir
tag: Kazım Kazımov,Politoloq,ABŞ,Mask,Partiya,Todaypress.tv,
