Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Təhlil
19.04.2026 20:41
1876-cı ilin mayında Çar II Aleksandr Almaniyanın “Bad Ems” kurortunda istirahət edərkən birdən-birə ukrayna dilini tamamilə boğan fərman imzalayır. Bu fərmanla ukrayna dilində kitab nəşri, ukrayna kitablarının Rusiyaya gətirilməsi, teatr tamaşaları, ictimai mühazirələr və hətta musiqi notlarının çapı qadağan edilir. Səbəb? Ukraynalıların “ayrı millət” kimi varlığını inkar etmək və rus dilini yeganə “böyük rus dili” kimi təbliğ etmək.
Bu, 1863-cü il “Valuev” sirkulyarının davamı idi. Ukraynalı ziyalılar sürgünə göndərilir, kitabxanalardan ukrayn kitabları çıxarılır, məktəblərdə ukrayn dilində dərs keçmək qadağan olunurdu. Nəticədə ukrayna dili illərlə yeraltında gizlənməli oldu. Tarixçilər bunu “dil soyqırımı” adlandırır – rus dili işğalın ən səssiz, amma ən təhlükəli silahı idi.
1929-cu ildə Azərbaycan latın əlifbasına keçmişdi (ərəb əlifbasından qopmaq üçün). Amma 1939-cu ildə Stalin birdən-birə əmr verdi: hamı kiril (rus) əlifbasına keçsin! Bu, Azərbaycanla yanaşı bütün türk respublikalarında edildi. Niyə? Rus dilini öyrənməyi asanlaşdırmaq, sovet (yəni rus) mədəniyyətini dominant etmək və azərbaycanlıların öz tarixi kitablarını oxumasını çətinləşdirmək. Kiril əlifbası rus dilinə çox yaxın idi, ona görə də uşaqlar rusca daha sürətli öyrənirdi. Bu dəyişiklik o qədər sürətli və məcburi idi ki, insanlar bir gecədə “yeni hərf” öyrənməli oldular. Azərbaycanlı ziyalılar bunu sonralar “mədəni işğal” adlandırırdılar.
Sovet hakimiyyəti qurulduqdan sonra rus dili rəsmi olaraq “Lenin dili”, “beynəlxalq dil” elan edildi. Məktəblərdə rus dili dərslərinə daha çox saat ayrılır, Azərbaycan dilinə isə ikinci dərəcəli status verilirdi. Eyni zamanda rus əhalisi kütləvi şəkildə Azərbaycana köçürülürdü (sayı 500 minə çatırdı). İş tapmaq, universitetə girmək, idarəçilikdə yüksəlmək üçün rus dili bilmək vacib idi. Çoxlu azərbaycanlı ziyalı və yazıçı əsərlərini rus dilində yazmağa məcbur qalırdı ki, “bütün SSRİ-də tanınsınlar”. Bu, ruslaşdırmanın ən sinsi tərəfi idi. İqtisadi və siyasi zərurət kimi təqdim olunurdu, amma əslində millətin mədəniyyətini yavaş-yavaş əridirdi.
“Во дни сомнений, во дни тягостных раздумий о судьбах моей родины, — ты один мне поддержка и опора, о великий, могучий, правдивый и свободный русский язык!”
“Şübhə günlərində, vətənimin taleyi barədə ağır düşüncələr içində — yalnız sən mənə dayaq və dəstəksən, ey böyük, qüdrətli, doğru və azad rus dili!”
Bu sitat rus ədəbiyyatında rus dilinin ən yüksək tərifi sayılır. Turgenyev onu “Rus dili” essesində yazıb.
General Mixail Muravyov-Vilenski 1863-cü illərdə Polşa və Belarus qiyamından sonra lovğalanaraq belə demişdi: “Что не доделал русский штык — доделает русский чиновник, русская школа и русский поп.”
“Rus süngüsü nəyi tamamlamamışsa, onu rus məmuru, rus məktəbi və rus keşişi tamamlayacaq.”
Rus kilsəsi və keşişinin, məktəbinin əsas silahı isə məhz rus dili idi. İmperial dil siyasəti o qədər həddini aşmışdı ki, hətta uzaq ucqarlarda – Gədəbəydə belə ən səfalı yerlərdə rus kəndləri salınmış, onlar üçün hər cür şərait qurulmuş və “malakan” adı altında biətçi (guya) hesab edilən yüz minlərlə rus Azərbaycanda məskunlaşdırılmışdı.

İlk vaxtlar dini təqiblərə məruz qalan rus sektantlarını (molokanlar və s.) Zaqafqaziyaya göndərirdilər. Sonra (1880-ci illərdən) pravoslav rus kəndlilərini torpaq qıtlığı səbəbindən və strateji əraziləri (Muğan, Lənkəran, Şamaxı və s.) möhkəmləndirmək üçün köçürürdülər. Neft bumundan sonra (1890-1910) Bakıya işçilər, mühəndislər və tacirlər axışırdı. Çar dövründə Azərbaycana minlərlə rus ailəsi (ümumilikdə onlarla-yüz minlərlə) rus dilinin və mədəniyyətinin yayılmasında əsas rol oynadı. Sovet dövründə isə bu rəqəm daha da artdı (1940-cı illərdə 500 minə yaxın rus və rusdilli olmuşdu). Başqa sözlə, ölkə əhalisinin 70 faizə qədəri yerlilər - tatar adlandırılan əhali idi və bu toplumun nə az, nə çox 7 faizi sırf ruslardan ibarət idi.
1989-cu ildə SSRİ əhalisinin təxminən 81%-i rus dilini ana dili və ya ikinci dil kimi bilirdi. Amma respublikalarda fərqli idi: Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva) ruslar əhaliyə köçürülmüşdü → Latviyada əhalinin ~34%-i, Estoniyada ~30%-i rus idi. Ukraynada rusdilli əhali yüksək idi (xüsusilə şərq və Krımda). Qazaxıstanda ruslar əhalinin ~38%-ni təşkil edirdi (köçürmə siyasəti nəticəsində). Mərkəzi Asiya respublikalarında rus dili şəhərlərdə və idarəetmədə dominant idi, kəndlərdə isə yerli dillər qalırdı.
Lakin dünya üzrə rus dili danışanların sayı 1990-cı ildə ~312 milyon idisə, 2023-ə qədər ~222-270 milyona düşüb (təxminən 27% azalma). Baltik ölkələri: Gənclər arasında rus dili sürətlə geriləyib. Estoniyada rus danışanlar 44%-den 39%-ə düşüb, ingilis dili isə artıb. Latviya və Estoniya rus məktəblərini məhdudlaşdırıb. Ukrayna: 2001 siyahıyaalınmasında rus dili danışanlar ~30% idi, amma 2022-ci il müharibədən sonra ukrayna dilinə keçid sürətlənib (xüsusilə gənclər rus dilindən imtina edir). Qazaxıstan: 1999-cu ildə ruslar ~30% idi, indi ~15-20% ətrafında. Evdə rus dilində danışanlar 2016-da ~21% idi. Azərbaycan: Rusdilli əhali kəskin azalıb (2019-cu ildə rus dilini ana dili kimi qeyd edənlər ~0.8%).

Dilmi, silahmı?
Ukraynada rus dilinin “prestijli” olması və ukrayna dilinin şərq regionlarında (xüsusilə Donbasda) məktəblərdə sıxışdırılması teması Sovet dövründən başlayaraq Rusiyanın 2014 və 2022-ci illərdə istifadə etdiyi əsas bəhanələrdən biri idi. Sistemli ruslaşdırma siyasətinin nəticəsi sonradan geopolitik alətə çevrildi. Sovet dövründə Ukrayna dilinin məqsədli şəkildə zəiflədilməsi yaşandı (1930-cu illərdən 1980-ci illərə qədər). Sovet hakimiyyəti ilk illərdə (1920-ci illər) “korenizatsiya” (yerliləşdirmə) siyasəti aparırdı — ukrayna dilini məktəblərdə, idarəetmədə və mədəniyyətdə dəstəkləyirdi. Amma 1930-cu illərdən (Stalin dövrü) başlayaraq bu siyasət tam əksinə çevrildi: rus dili “bütün sovet xalqlarının dili”, “elm və mədəniyyətin dili” elan edildi.

Məktəblərdə vəziyyət belə idi: 1948-ci ildə Ukrayna SSR-də ukrayna dilində təhsil verən məktəblərin rus dilində olanlara nisbəti 9,5:1 idi. Lakin Xruşşov və Brejnev dövründə Ukrayna məktəbləri kəskin şəkildə azaldıldı. 1987-ci ilə qədər Ukraynanın ümumi şagirdlərinin yarısından çoxu rus dilində təhsil alırdı. Şərq regionlarında (Donbas -Donetsk və Luqansk) ruslaşdırma ən güclü idi. Sənaye inkişafı üçün Rusiyadan kütləvi köçürmələr olub, ruslar əhalinin böyük hissəsini təşkil edirdi. 1961-ci ildə Donetsk vilayətində rus məktəbləri Ukrayna məktəblərini sayca keçdi. 1980-ci illərin sonlarında Donetskdə, Luhanskda, Xarkovda, Zaporojyedə və Odessada ukrayna dilində məktəb demək olar ki, qalmamışdı. Bəzi şəhərlərdə heç biri yox idi. Şərqdə rus dili “prestijli” sayılırdı — yüksək vəzifə, universitet və yaxşı iş üçün vacib idi. Nəticədə 1989-cu il SSRİ siyahıyaalınmasında şərqdə rus dili danışanların sayı çox idi. Ukrayna dili isə əsasən kəndlərə və qərb regionlarına sıxışdırılmışdı. Bu siyasət məqsədli idi: ukrayna mədəniyyətini “ikinci dərəcəli” etmək və “sovet xalqı” yaratmaq.
Müstəqillikdən sonra Rus dili şərqdə dominant qalırdı. 1991-ci ildə Ukrayna müstəqil olduqdan sonra ukrayna dili dövlət dili elan edildi. Amma şərqdə rus dilinin təsiri güclü qaldı. 2001-ci ilə aid siyahıyaalınmaya görə ümumi əhalinin 67,5%-i ukrayna dilini, 29,6%-i isə rus dilini ana dili sayırdı. Şərqdə (Donbas) rus dili danışanlar 70-80% idi (xüsusilə şəhərlərdə). Rusdilli ukraynalılar (etnik ukraynalı olub rus dilində danışanlar) çox idi - bu, Sovet irsi idi. 2014-cü ildə “Rusdilli əhalini qoruma” bəhanəsi ilə Krım və Donbas məsələləri meydanlara çıxdı, Yanukoviçin devrilməsindən (Avromaydan) sonra parlament 2012-ci il dil qanununu ləğv etdi. Rusiya mediası bunu “ukraynalaşdırma” və “rusdilli əhalinin sıxışdırılması” kimi təqdim etdi. Putin 2014-cü il martın 18-də Krımın ilhaqı ilə bağlı nitqində açıq dedi ki, Rusiya “xaricdəki rusları və rusdilli vətəndaşları” qorumaq üçün hərəkət edir. Krım ilhaq edildi, Donbasda separatçılar dəstəkləndi.
2022-ci ildə, eyni bəhanə ilə tammiqyaslı müharibə başladı. Putin 24 fevral 2022-ci il nitqində birbaşa dedi: “Donbasda 8 ildir ki, genosid aparılır, rusdilli əhalini qorumaq lazımdır” və “Kiyev rejimi rusdilli insanları alçaldır, assimilyasiya edir”. Məqsəd əlbəttə ki, “denasifikasiya” və “rusdilli əhalini qorumaq” idi. Gerçəklik isə belə idi: 2014-cü ilə qədər rus dili Donbasda dominant idi, rusdilli məktəblər var idi, rus dili mediada və biznesdə sərbəst işlənirdi. Heç bir sistemli qadağa yox idi. Müharibədən sonra isə Rusiya işğal olunmuş ərazilərdə ukrayna dilini tam qadağan edib, rus dilini məcburi etmişdir. Beləcə, Sovet dövründə rus dili Ukraynanın şərqində prestijli elan edildi, ukrayn dili sıxışdırıldı. Bu vəziyyət 30 il sonra Rusiyaya “rusdilli əhalini qoruma” bəhanəsi verdi. Əsl məqsəd isə dil hüququ deyil, Ukraynanın suverenliyini zəiflətmək və regionda təsirini saxlamaq idi. Daha sonra biz klassik “yumşaq güc”dən hərbi gücə keçidin ən aydın nümunəsi ilə üz-üzə qaldıq.
Bütün bunlara baxmayaraq, rus dili qlobal gücünü itirdi, çünki imperiya dağıldı, rus dili artıq məcburi deyildi və Qərb (xüsusilə ingilis dili) mədəni-iqtisadi üstünlük qazandı. İndi rus dili əsasən Rusiya, Belarus və bəzi MDB ölkələrində hələ də güclüdür, amma qlobal statusu SSRİ dövründəki kimi deyil. Müharibədən sonra bu geriləmə daha da sürətləndi; ironik olaraq, “rusdilli əhalini qoruma” bəhanəsi rus dilinin itirilməsini tezləşdirdi.
Rus dili ittifaqı?
Hər şey 2022-ci ilin payızında, MDB dövlət başçılarının Astana sammitində başladı. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, diplomatik dillə desək, "təzyiqi deyil, dialoqu" təklif edərək rus dilinin beynəlxalq statusunu qoruyacaq müstəqil bir strukturun yaradılması ideyasını irəli sürdü. Onun əsl məqsədi onsuz da artan rus aqressiyasını hərbidən sərhədləri aşan bir ünsiyyət körpüsü qurmaq cəhdi idi. Məqsəd rus dilini gərginliklərdən ayırıb, əməkdaşlıq platformasına çevirmək idi. Ukrayna savaşının başlaması da bu ideyaya təkan idi. 2023-cü ilin oktyabrında Bişkek sammitində MDB liderləri bu təşkilatın nizamnaməsini imzaladılar. Bununla da "Beynəlxalq Rus Dili Təşkilatı" kağız üzərindəki layihədən hüquqi bir şəxsə çevrildi. Rusiya bu qurumun əsas maliyyə və resurs donoruna çevrildi, lakin təşkilatın mərkəzinin Moskvada deyil, Soçidə və ya digər simvolik nöqtələrdə olması müzakirə edildi ki, bu da ona beynəlxalq status qazandırsın.
Bu günlərdə Azərbaycanda səfərdə olan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib ki, Rusiya Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edir. Aleksey Overçukun Azərbaycanı Beynəlxalq Rus Dili Təşkilatına dəvət etməsi və "xaricdə rus müəllimi" proqramını genişləndirmək təklifi, ilk baxışda humanitar əməkdaşlıq kimi görünsə də, mahiyyət etibarilə dərin linqvistik və ideoloji ekspansiya cəhdidir. Rus dilinin bu dərəcədə institusionallaşdırılması və beynəlxalq təşkilatlar səviyyəsində rəsmiləşdirilməsi Azərbaycanın müstəqil dil siyasətinə ciddi xələl gətirir. Azərbaycanın strateji hədəfi qlobal dünyaya - yəni ingilisdilli elm və innovasiya mərkəzlərinə inteqrasiya olmaqdır. Rus dilinin süni şəkildə təşviqi ölkənin intellektual resurslarını müasir dünyadan təcrid edərək, onu yenidən məhdud postsovet arealına qapatmaqdan başqa bir təklif deyil. Təhsil sahəsində irəli sürülən "birgə universitet" və rus məktəblərinin qurulması layihələri isə təhsil müstəqilliyimizə qarşı növbəti risk faktorudur. Rusiya təhsil sisteminin geniş tətbiqi gənc nəslin ideoloji cəhətdən müəyyən bir orbitə uyğun formalaşdırılması deməkdir.
Bu proses uzunmüddətli perspektivdə təhlükələri də vəd edir: Xarici təhsil modellərinin genişlənməsi Azərbaycanın milli təhsil standartlarının və dövlətçilik maraqlarına xidmət edən proqramların nüfuzunu azaldır. Rusdilli təhsil mühitində yetişən kadrlar təbii olaraq Rusiya əmək bazarına və iqtisadiyyatına yönəlir, bu da ölkə daxilində "beyin axınına" və ya strateji sahələrdə kadrların kənar təsirlərə açıq olmasına şərait yaradır. Təhsil vasitəsilə aşılanan dəyərlər sistemi Azərbaycanın milli kimliyini və suveren qərarvermə qabiliyyətini zəiflədərək, cəmiyyəti Rusiya geosiyasi orbitinə daha sıx bağlayır.
Rus dilinin siyasi alətə çevrilməsi imkansızdır. Lakin Azərbaycanda ruslaşdırma siyasətinin nəticəsi necə idisə, rus dilinin təbliğinin də yekununun o cür olması qaçılmazdır. Çünki, ilk növbədə rus əhali bu coğrafiyada tutuna bilməli idi. Yüz minlərlə rus əhalidən geridə bir kənd adları qaldı, bir də həmin kəndlərdə artıq eksponata çevrilən kirəmitli, buxarılı evlər. Ruslar onların bətninə zidd coğrafiyada kök sala bilmədilər. Çünki bu torpaqların havası, suyu və yadelliliyi onlar üçün sinxron üzvi aidliyi doğura bilmədi. Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu. İndi eləcə statistikaya baxaq: 1989-cu ildə sayı yarım milyona çatan rus mənşəli əhalinin indiki payı 100 mindən də aşağı düşməyə davam edir. Bir sözlə, bu coğrafiyanın gələcəyinin regional rus dilinə deyil, qlobal ingilis, çin dilinə bağlı olması daha real görünür. Ən əsası, Türk Dövlətləri Təşkilatı belə mübahisələri sonlandırmaqla tarixə nöqtə qoyacaq kimi görünür.
Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı
tag: Dil,Rus dili,Sovet ,Əziz Əlibəyli ,Todaypress.tv,
