Sülhə gedən yol Brüsseldən keçəcək? – RƏY
Təhlil
01.07.2025 17:54
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan əsas məsələ Ermənistanın konstitusiyasındakı Azərbaycana ünvanlanan ərazi iddialarıdır”.
Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan bu iddiaların konstitusiyada yer almadığını iddia etsə də, Azərbaycan tərəfi bu arqumentlərlə razılaşmır və sənəddə yer alan ərazi iddialarının tamamilə aradan qaldırılmasını tələb edir.
“Belə bir şəraitdə Brüsseldə sülh sazişinin imzalanması ehtimalı çox aşağıdır. Bu məsələ ilə yanaşı, Minsk qrupu ilə bağlı qeyri-müəyyənlik də qalmaqdadır, lakin bu o qədər də ciddi maneə hesab edilmir. Ermənistan ATƏT-ə bu məsələ ilə bağlı müraciət etməyə hazır olduğunu bildirib”.
O əlavə edib ki, sülh sazişinin harada imzalanacağı məsələsində Türkiyənin mövqeyi həlledici əhəmiyyət daşıyır:
“Azərbaycan Türkiyənin razılığı olmadan bu kimi strateji addımları atmır. Əgər Brüsseldə imzalanma ehtimalı varsa, deməli, burada Türkiyənin də razılığı var. Eyni zamanda, ABŞ prezidenti Donald Trampın “Nobel” sülh mükafatı ilə bağlı ambisiyalarını nəzərə alsaq, o, bu prosesin Vaşinqtonda baş tutmasını istəyə bilər. Eyni zamanda sülh sazişinin Avropa Birliyinin vasitəçiliyi ilə imzalanmasına etiraz edə bilər”, - deyə Abutalıb Səmədov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Rusiya KİV-in iddiasına görə, Azərbaycan və Ermənistan Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə sülh müqaviləsi imzalamağı planlaşdırır.
Türkan İsgəndərli
tag: Abutalıb Səmədov,Politoloq,Brüssel,Sülh,Todaypress.tv,
