Politoloq: “Körfəz ölkələri Azərbaycanın strateji iqtisadi tərəfdaşlarıdır”

Təhlil

28.08.2025 18:22

“Körfəz ölkələri əsasən yatırım və investisiya yönümlü siyasət yürüdür və Azərbaycanı qiymətli bazar olaraq qiymətləndirirlər. Bu ölkələrlə mövcud birgə investisiya mexanizmləri Azərbaycanın iqtisadi maraqları ilə üst-üstə düşür. Əməkdaşlıq təkcə ticarət sahəsi ilə məhdudlaşmır, digər iqtisadi sektorlar üzrə də geniş inkişaf potensialı mövcuddur”. 

Politoloq Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Körfəz ölkələrinin qlobal bazarda tutduğu mövqe, xüsusilə də neft qiymətləri fonunda formalaşan iqtisadi imkanları, bu ölkələrin Azərbaycan üçün strateji investor statusunu daha da möhkəmləndirir.

Analitik diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi son müsahibə həm ölkəmizin regional siyasətə baxışını, həm də Ermənistanla münasibətlərin mahiyyətini bir daha ortaya qoyub. Dövlət başçısı bu çıxışında Körfəz ölkələri ilə münasibətlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bir daha xatırladılıb ki, Azərbaycan-Körfəz əlaqələrinin əsası müstəqilliyimizin ilk illərində qoyulub:

“1990-cı illərdə Azərbaycan böyük siyasi və iqtisadi çətinliklərlə üzləşdiyi dövrdə Körfəz ölkələri bizə həm maliyyə, həm də diplomatik dəstək göstərmişdilər. Bu baxımdan Səudiyyə Ərəbistanının rolu xüsusilə diqqətəlayiqdir”. 

Ekspert bildirib ki, hazırda Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələri ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur. K.Kazımov bunu Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi kimi dəyərləndirib:

“Körfəz ölkələri təkcə iqtisadi deyil, siyasi baxımdan da İslam dünyasında mühüm təsirə malikdirlər. Azərbaycan da İslam dünyasının önəmli üzvü olaraq bu əlaqələrdən həm diplomatik, həm də iqtisadi baxımdan ciddi fayda əldə edir. Bu əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Körfəz ölkələri ilə əməkdaşlığın xarici siyasətimizin başlıca prioritetlərindən biri olduğunu bildirib.

Aysel Mətləb

tag: Kazım Kazımov,Politoloq,Azərbaycan,Körfəz ölkələri,todaypress.tv,

photo