Putin təklif etdi: Ukrayna görüş fikrinə “yaşıl işıq” yandıracaq?
Təhlil
22.08.2025 15:19
“Qərb real sülh üçün ya Ukraynanı müəyyən ərazilərdən imtinaya məcbur etməlidir, ya da Rusiyanı çəkindirmək üçün Kiyevə silah dəstəyini gücləndirməlidir. Əks halda görüş sadəcə Rusiyanın təcriddən çıxarılması və tərəflərin bir-birini ittiham edərək cəbhədə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq”.
Politoloq Zeynal Əmrəliyev bunu Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək istəməsini TodayPress TV-yə şərh edərkən deyib.
O vurğulayıb ki, bu, olduqca müsbət siqnaldır və münaqişənin bitməsi ilə bağlı ümidlər artır. Lakin görüşün baş tutması üçün olduqca siyasi və diplomatik zəmin tələb edilir:
“Rusiya üçün görüşü uzatmaq bir neçə məqamdan önəmlidir. Moskvanın əsas niyyəti təcriddən çıxmaq və Qərbin ağır sanksiyalarını aradan qaldırmaqdır. Çünki bu sanksiyalar və təcridolunma siyasəti Rusiyanı olduqca çətin vəziyyətə salır. Digər önəmli bir məqam isə Qərbin Ukraynaya dəstəyini zəiflədib cəbhədə strateji üstünlüyü tamamilə ələ keçirməkdir. İndiyə kimi baş verənlər də onu göstərir ki, cəbhədə vəziyyət Rusiyanın xeyrinə dəyişdikcə, onun tələbləri daha da sərtləşir. Buna görə də Moskva bu üsullarla vaxt qazanmaq istəyir”.
Analitikin qənaətincə, başqa bir önəmli məsələ Putinin bu istəyini ABŞ Prezidenti Donald Tramp vasitəsilə çatdırmasıdır. Bu, Kremlin ABŞ-nin vasitəçi roluna razılıq verməklə, dialoqun daha çox nəzarətli və balanslı getməsini istədiyini göstərir.
Siyasi şərhçi hesab edir ki, baş tutacaq görüşə ümidlər böyük olsa da, Ukrayna və Rusiya arasında ziddiyyətlər sadəcə iki liderin razılaşması ilə həll olunacaq qədər sadə deyil:
“Ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri və müharibə cinayətləri kimi fundamental məsələlər ortadadır. Ancaq tərəflər görüşə real güzəştləri nəzərdə tutaraq getsələr, əsir mübadiləsi, mülki əhalinin təhlükəsizliyi, taxıl sazişi kimi müəyyən razılaşmaların əldə edilməsi də mümkündür”, - deyə Z.Əmrəliyev fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib.
Aysel Mətləb
tag: Zeynal Əmirəliyev,Politoloq,Putin,Zelenski,Görüş,Todaypress.tv,
