İsrail–Ukrayna xətti aktivləşir: Tehrana qarşı yeni birlik, yoxsa..?

Təhlil

04.12.2025 18:27

İsrailin XİN rəhbəri Gideon Saar Qüdsdə Ukrayna baş nazirinin müavini Taras Kaçka ilə görüşüb. Tərəflər İranın yaratdığı təhdidlərə dair birgə məsləhətləşmələrin bərpası barədə razılığa gəliblər. Görüşdə Rusiya–Ukrayna müharibəsi və İsrail–Ukrayna münasibətləri də müzakirə olunub. Saar Ukraynanı HƏMAS və SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb. Rusiyanın təcavüzündən sonra dayandırılmış iki ölkə arasındakı təhlükəsizlik dialoqunun yaxın zamanda yenidən başlayacağı bildirilib. 


Maraqlıdır, İsrailin Ukraynanı HƏMAS və SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırması, təhlükəsizlik əməkdaşlığı və dəstək qarşılığında irəli sürülən şərt kimi qiymətləndirilə bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, Ukrayna və İsrailin Tehrana münasibəti oxşar mövqedədir: 


"İran Rusiya–Ukrayna müharibəsində Rusiyaya dronlar və digər vasitələrlə yardım edir, həmçinin Rusiyanı iqtisadi və siyasi baxımdan dəstəkləyir. İran rəsmi olaraq Ukraynanın ərazi bütövlüyünü tanısa da, praktiki olaraq bu mövqedən uzaqlaşır. Tehranın İsrailə münasibətini nəzərə alsaq, Ukrayna ilə İsrailin İran rejiminə qarşı mövqelərinin oxşar olduğunu söyləmək olar".

Ekspertin fikrincə, Rusiyaya qarşı mövqelərin koordinasiyası olacağı ehtimal edilir:


“Ukraynanın təhlükəsizlik və xarici siyasət rəhbərliyinin, o cümlədən Baş nazir müavininin İsrailə səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, ticari əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda Ukraynanın dəstəklənməsi və Rusiyaya qarşı mövqelərin koordinasiyası müzakirə oluna bilər. Çünki Rusiya Prezidenti Vladimir Putin ötən illərdə bəyan etmişdi ki, İsrail “rusdilli dövlətdir” və İranı müdafiə etmək üçün İsrailə raket atmaq, yaxud İrana İsraili vurmaq üçün raket vermək niyyətində deyil. Çünki belə bir addım İsraildə yaşayan rusdilli əhaliyə ziyan vura bilər”. 

Analitik əlavə edib ki, hərbi məhdudiyyətlər fonunda humanitar, iqtisadi dəstək və diplomatik imkanlar prioritetdir: 

"Eyni zamanda İsrail Ukraynaya Rusiyaya qarşı istifadə oluna biləcək hərbi texnika, o cümlədən pilotsuz uçan aparatları verməmək barədə Moskva ilə razılaşma əldə edib. Bu səbəbdən əsas müzakirə mövzularından birinin İsraildə yaşayan ukraynalı qaçqınların vəziyyəti, İsrailin Ukraynaya ticarət və iqtisadi dəstəyi, eləcə də yəhudi lobbisi və diasporasının Ukraynanın mövqeyinin müdafiəsi üçün səfərbər olunmasıdır. Bundan başqa, Rusiyanın müharibəni dayandırması üçün iqtisadi sanksiyaların genişləndirilməsi məsələsi də gündəmdədir".  

Politoloq sonda əlavə edib ki, baş ravvinin Netanyahuya təhlükəsizlik müraciətinin görüşdə müzakirə edildiyi ehtimal olunur:

“Kiyevin baş ravvini Yonatan Markoviç İsrailin baş naziri Benyamin Netanyahuya müraciət məktubu göndərib. Həmin məktubda qeyd olunur ki, Rusiya ordusu Ukraynadakı yəhudi icmasının yaşadığı ərazilərə, sinaqoqlara və məktəblərə zərbələr endirir.

Bu səbəbdən yəhudilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Benyamin Netanyahudan yardım xahiş olunur.

Hesab edirəm ki, Taras Kaçka ilə Gideon Saar arasında keçirilən görüşdə baş ravvin Markoviçin Netanyahuya ünvanladığı bu məktub və İsrail hökumətinin həmin müraciətə verəcəyi cavab da müzakirə mövzularından biri olub". 

 Jalə Rövşən

TodayPress TV

tag: Sədrəddin Soltan,Politoloq,İsrail,İran,Todaypress.tv,