ABŞ meydanda: Qlobal müharibə riski artır...
Təhlil
23.06.2025 16:56
"ABŞ-nin İranın nüvə obyektlərini vurması qlobal müharibə riskini artırır".
Politoloq İlyas Huseynov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, İran və İsrail arasında baş verən müharibədə ilkin mərhələdə ABŞ-nin iştirak etmək istəmədiyi bəyan edilsə də, Vaşinqtonun sonrakı hərəkətləri geosiyasi vəziyyəti kökündən dəyişib. ABŞ Konqresinin razılığı olmadan İranın nüvə obyektlərinə hücum edilməsi beynəlxalq hüquq baxımından da ciddi suallar doğurur və qlobal münaqişənin konturlarını daha da kəskinləşdirib.
“Artıq analitiklər Üçüncü Dünya müharibəsinin ehtimal yox, reallıq kimi yaxınlaşdığını bildirirlər. Müxtəlif dövlətlərin bu müharibəyə tədricən cəlb olunması, prosesin təkcə lokal deyil, eyni zamanda qlobal xarakter aldığını göstərir”.
Analitikin qənaətincə, Çin və Rusiyanın birbaşa və ya dolayı yolla İranın yanında mövqe tutması, dünya miqyasında hərbi-siyasi bloklar arasında açıq qarşıdurmanın başlanmasından xəbər verir. Bu situasiyadan fayda götürə biləcək tərəflərdən biri isə Ukraynadır. Belə ki, Rusiyanın diqqətinin Yaxın Şərqə yönəlməsi, Kiyevə ərazilərini geri almaq üçün fürsət yarada bilər:
"Buna baxmayaraq, bu ssenaridə ciddi risklər də mövcuddur. ABŞ hazırda həm Ukraynanın əsas silah təminatçısı, həm də ona diplomatik dəstək verən ölkədir. Əgər İran Körfəz bölgəsində ABŞ-nin hərbi bazalarına cavab zərbələri endirərsə, Vaşinqton bütün resurslarını bu bazaların müdafiəsinə yönəldə bilər. Bu isə Ukraynaya yardımların azalmasına və nəticədə Kiyevin çətin vəziyyətə düşməsinə səbəb olacaq”.
Politoloq diqqətə çatdırıb ki, hazırkı mərhələdə geosiyasi balansın dəyişməsi ilə həm regional, həm də qlobal təhlükəsizlik gündəliyi yeni çağırışlarla üz-üzə qalıb.
Qeyd edək ki, İran-İsrail və ABŞ arasında baş verən gərginlikdə Rusiya İranı dəstəklədiyini açıq formada bəyan edib. Ukrayna tərəfi isə İranı kəskin qınayıb və ABŞ-nin tələblərinə əməl etməyə çağırıb.
Töhfə Səməd
tag: İlyas Hüseynov,Politoloq,ABŞ,Müharibə,Todaypress.tv,
