Prezident İlham Əliyev - Rusiyaya üzr istədən yeganə adam
Təhlil
17.04.2026 16:05
Moskva ən güclü dövründə Bakıdan necə əfv dilədi?
Sovet hakimiyyəti müharibə bitdikdən sonra təxminən 600.000 yapon əsgərini illərlə ağır işlərdə Sibirdə saxlayır. Tarixçilər on minlərlə əsir öldüyünə və sonuncu sağ qalan əsgərin 1956-cı ilə qədər geri qayıtmasına icazə verilmədiyinə aid faktlar haqda danışırlar.

1993-cü ilin oktyabrında Yeltsinin təyyarəsi Tokioya enir. Tarixdə heç vaxt olmadığı qədər Yaponiya bir rus rəhbəri belə bir xüsusi qaydada qarşılayır, portfeldə xeyli mübahisəli məsələlər yanaşı, Kuril adalarının aqibəti də dayanır.
Yeltsin Yapon imperatoru Akihito ilə görüşdə heç kimin gözləmədiyi bir addım atır: O görüşdə “İnsanlıqdan kənar hərəkətlərə” görə Rusiya xalqı və hökuməti adından rəsmi üzr istəyir.
“İnsanlıqdan kənar” sözlərini işlətməsi və bu, keçmiş Sovet rəhbərlərinin (məsələn, Qorbaçovun) verdiyi zəif bəyanatlardan daha güclü təsir göstərir.
Yeltsinin “şıltaq”lığı bununla da bitmir.
![]()
O Cənubi Koreyaya səfər edir və rəhbərliklə görüşdən sonra açıqlama verir:
1983-cü ildə Sovet İttifaqı təyyarələri Koreya Hava Yollarının (KAL) 007 reysli sərnişin təyyarəsini vurub, 269 nəfər (o cümlədən 63 amerikalı) həlak olub. O təyyarənin qara qutularını Cənubi Koreyaya təhvil verərək, dostluq naminə rəsmi qaydada üzr istəyir.
![]()
Ümumi qənaət belə idi ki, Boris Yeltsin Rusiya prezidenti olarkən (SSRİ-nin dağılmasından sonra) tarixi yaraları sağaltmaq və Asiya ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün istədiyi üzrlər Rusiyanın dağılmaq ərəfəsində olması və ya çox zəif durumda olması ilə bağlı idi. Rus dövlət ağlının “üzr istəmək” institutunu zəiflik kimi qəbul etməsinin şahidi kimi çeçenləri, Holodomor faciəsini, Baltiklərin və Ukraynanın işğalında görmək mümkündür.
25 dekabr 2024-cü il... Bayram ərəfəsi, qar yağan soyuq bir gün. Bakıdan Qroznıya uçan AZAL-ın Embraer 190 tipli təyyarəsi göylərdə idi. 67 nəfər – ailələri, uşaqları, sevdikləri ilə gözləyən insanlar - heç kimin xəyalına belə gəlməzdi ki, bu uçuş sonuncu olacaq.
Rusiya hava məkanında, Qroznı yaxınlığında birdən-birə qorxunc səs eşidilir və Rusiya hava hücumundan müdafiə sistemi işə salınır. Təyyarə vurulan raket zərbələrindən zədələnir. Pilotlar qəhrəmanlıqla mübarizə aparır, təcili eniş üçün Rusiya öz ərazilərini “məsləhət görmür”, onlar da Qazaxıstanın Aktau şəhərinə yönəlirlər. Amma yaralı quş kimi eniş edən təyyarə qəzaya uğrayır. 38 nəfər həlak olur, 29 nəfər ağır yaralanır. Azərbaycan xalqı bir anda 38 əzizini itirir
İlk saatlarda Rusiya tərəfi susur, sonra inkar edir. Amma Azərbaycan dövləti prinsipial mövqe ortaya qoyur: “Həqiqət açılmalıdır, üzr istənilməlidir, kompensasiya ödənilməlidir!” İlham Əliyev bu məsələni ilk açıqlamasında ortaya qoyur.

Ölkə bir-birinə dəyir, qazax video-bloggerlərinin qəza anı çəkdiyi görüntülər ürəyimizə mıx kimi saplanır və az sonra uzun müddət xalq kimi unutmayacağımız o anın şahidinə çevrilirik:
Azərbaycan Milli Qəhrəmanı, stüardessa Hökumə Əliyevanın ölümə gedərkən, qəhər dolu “Hər şey yaxşı olacaq” sözləri bağrımızda silinməz dağ çəkir.

Prezident İlham Əliyev hər görüşdə, hər danışıqda Rusiyanın üzr istəməsi məsələsini qaldırır. Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin oktyabrında Düşənbədə (Tacikistan) keçirilən təkbətək görüşdə rəsmi üzr istəyir, həlak olanların ailələrinə başsağlığı verir və “bütün məsuliyyəti daşıyacağıq” deyir.
16 ay davam edən gərgin danışıqlar, beynəlxalq hüquq, diplomatik təzyiq və Azərbaycanın qətiyyəti nəticəsində...
15 aprel 2026-cı il – tarixi gündür. Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri birgə bəyanat yayır. Prezidentlərin Düşənbə razılaşmasına əsasən, tərəflər “qəzanın nəticələrinin müvafiq şəkildə həlli, o cümlədən kompensasiyanın ödənilməsi” barədə tam razılığa gəlirlər. Rusiya rəsmən qəbul edir: qəza Rusiya hava məkanında hava müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib. Kompensasiya – həm həlak olanların ailələrinə, həm yaralılara, həm də AZAL şirkətinə (təyyarənin dəyəri, itkilər) ödəniləcək.
![]()
Rusiya 1992-ci ildə üzr istədiyi Yaponiya və Cənubi Koreyaya əslində o qədər də möhtac deyildi, lakin çox zəif bir dövrdən keçirdi, prezident Yeltsin Tokiodan kapital dilədiyi bir dövrdə rəsmi Bakıya hədə gəlir, Azərbaycanın Qarabağda güc yolu ilə heç bir şansının olmadığını deyərək, ölkəmizi hədələyirdi.
Rusiya tarixi boyunca, xüsusilə özünün gücünün zirvəsində olanda ümumiyyətlə, üzr istəməyi ar hesab edən qlobal güc olub.
Rusiya Azərbaycandan üzrü Ukraynanı işğala davam etdiyi bir dövrdə etdi.
Rusiya Azərbaycana qarşı təyyarə hadisəsindən sonra bütün kartları işə saldı, soydaşlarımız gülləbaran edilib, öldürüldü, həbsə atıldılar, diasporumuzun şanlı oğulları təzyiqə məruz qaldı.
Lakin Azərbaycan dövlət iradəsi yolundan dönmədi və üzr istətməyə davam etdi.
Rusiya Azərbaycansız mümkün və mövcud olmaz.
Rusiyada da ağıllı adamlar var və arada bəziləri onlara Şimal-Cənub dəhlizini xatırladır və yada salır ki, Azərbaycan izin verməsə, Rusiya ən əlverişli quru yolu ilə hüsnünə çox heyran olduğu İrana qovuşacaq gücə və imkana malik olmaz.
Rusiyanın günahını etiraf etməsi il yarım çəkdi...
Heç olmamaqdansa, gec olması yaxşıdır...
Bu arada, biz ruslara üzr istədik də, ABŞ-ın qətlə yetirdiyi 168 iranlı məktəbli qıza görə üzr istəməsi yaxşı olmazdımı?
Onların da hesabında Vyetnam, İraq, Liviya kimi hadisələr az deyil.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı
tag: Əziz Əlibəyli,Ekspert,Prezident İlham Əliyev,Rusiya,Todaypress.tv,
