Polşanın nüvə proqramı regionda gərginlikləri artıra bilərmi?

Təhlil

17.09.2025 16:49

Polşa Prezidenti Navrotski ölkəsinin nüvə silahı məsələsində hazırlıqlı olduğunu və NATO çərçivəsində nüvə paylaşım proqramına qoşulmaq hüququna malik olduğunu açıqlayıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev TodayPress TV -yə açıqlamasında bildirib ki, NATO açıq şəkildə Rusiya ilə münaqişəyə girməkdən çəkinir və bu baxımdan hazırda Ukrayna ən çox ziyan çəkən və çətin vəziyyətə düşən tərəfdir.  

Onun sözlərinə görə, Rusiyanın Ukraynadan sonra Avropanın digər dövlətlərinə təsir sahəsini genişləndirməsinin qarşısını almaq üçün, NATO və Avropa dövlətləri fərqli addımlar atmalıdırlar. Bu baxımdan, Polşanın nüvə dövləti olması bir variant kimi ortaya çıxıb.

Ekspert əlavə edib ki, bu proses o qədər də asan deyil və istənilən halda NATO dövlətlərinin, xüsusilə ABŞ-nin razılığı vacibdir. 

O, eyni zamanda bildirib ki, Rusiyanın Polşaya mümkün hücumlarının və yaxın gələcəkdə Polşa boyu ərazilərdə hər hansı təxribatların qarşısını almaq üçün bu addımlar atıla bilər.

Həmzəyev, həmçinin qeyd edib ki, əgər Ukrayna və Rusiya münaqişəsi sülh yolu ilə həll olunarsa, bəlkə də, bu proseslər zəifləyə bilər. Bununla belə, hazırda Avropa dövlətlərinin silahlanması və ordularının gücləndirməsi fonunda NATO, xüsusilə də Avropa üzv dövlətləri daha böyük münaqişələrə hazırlaşır.

Ekspertlər bunun fonunda Avropada daha böyük münaqişələrin baş verəcəyini bildirirlər.

Jalə Rövşən

TodayPress TV

tag: Naqif Həmzəyev,Deputat,Polşa,Region,Todaypress.tv,

photo