Trampın son Körfəz turu: Türkiyə zərər görəcək?

Təhlil

23.05.2025 15:56

41

“Türkiyə bölgədə dominant qüvvəyə çevrilmək istəyirsə, burada iqtisadi-siyasi ağırlığı da üzərinə götürməlidir”.

Politoloq İlyas Hüseynov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, Körfəz bölgəsində və Böyük Orta Şərq coğrafiyasında uzun illərdir ki, geosiyasi rəqabət özünü göstərir:

“Burada əsas oyunçular kimi İran, Türkiyə, Səudiyyə Ərəbistanı görünür. Lakin son 30 il ərzində Soyuq müharibədən sonra bir sıra mühüm və təsirli geopolitik aktorlar da formalaşıb. Bu, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və digər dövlətlərdir. Bu dövlətlər İsraillə münasibətlərdə düşmənçilik ideyasını kənara qoyur, tərəfdaşlığı üstün hesab edir. Əsasən ABŞ-nin kapitalı Amerika mərkəzli şirkətlərin, transmilli korporasiyaların bölgədə mövcudluğuna şərait yaradır və əməkdaşlıq formalaşdırır. Bu da qardaş Türkiyənin regional güc mərkəzi kimi çıxış etməsinin iqtisadi cəhətdən qarşısını alan amillərdir. Ümumiyyətlə Türkiyə bölgədə dominant qüvvəyə çevrilmək istəyirsə, burada iqtisadi-siyasi ağırlığı da üzərinə götürməlidir”. 

Ekspert qeyd edib ki, bütün ABŞ liderləri Yaxın Şərq siyasətini dəyişməyib:   

“Burada əsasən İsrail dövləti ilə hərbi-siyasi müttəfiqlik, İsrailə hərtərəfli dəstəyin göstərilməsi əsas amil kimi ölçülür. Bunu görən Türkiyə həm silahlı qüvvələrini, həm də milli təhlükəsizliyini sağlama alır və bu istiqamətdə inkişafı formalaşdırır. Eyni zamanda digər dövlətlərlə də iqtisadi-siyasi prinsiplər əsasında münasibətlər formalaşdırır. Amma bölgədə ABŞ ilə iqtisadi rəqabət Türkiyə üçün təhdidər formalaşdıra bilər. Türkiyə milli valyutasına təsirləri də gördük. Demək olar ki,bu, iqtisadiyyatın bütün sahələrinə təsir edirdi. Əlbəttə, bunun arxasında böyük güc mərkəzləri və birbaşa olaraq, böyük iqtisadi korporasiyalar, fondlar dayanırdı. Məlumdur ki, onlar ABŞ-nin siyasi imperativlərini icra edirlər. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı və digər bu cür institutlardır ki, ABŞ-nin əsas humanitar siyasəti və iqtisadi nüfuzu bu fondların hesabına eləcə də, dollar monopoliyası üzərində qurulub”.   

Qeyd edək ki, Körfəz ölkələrində ABŞ mərkəzli şirkətlər tərəfindən qurulan iqtisadi və siyasi hökmranlıq Türkiyənin regional təsir dairəsini daraltmaq potensialına malikdir.

Bu vəziyyət Türkiyənin uzun illər davam edən "çoxqütblü balanslaşdırma" siyasətinə ciddi şəkildə meydan oxuya bilər.

Türkiyənin İranla əlaqələri, Çinlə enerji və infrastruktur layihələri, Rusiya ilə geosiyasi baxımdan balanslaşdırma siyasəti ABŞ-nin liderliyi ilə formalaşan yeni Körfəz arxitekturasına inteqrasiya olunmaması həm də Türkiyə üçün iqtisadi imkanların əldən çıxması deməkdir. 

Qiymət Mahir

tag: İlyas Hüseynov,Politoloq,Tramp,Türkiyə,Todaypress.tv,

photo