Politoloq: "Avropa Ukraynanın problemlərini həll etməkdə çətinlik çəkə bilər"
Təhlil
18.09.2025 15:36
"Ukraynanın NATO-ya üzvlüyü məsələsi ən azı növbəti 10-15 ildə gündəmə gələ bilməz".
Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, ehtimal olunan sülh sazişində Ukraynanın NATO-ya qoşulmamaq öhdəliyi ilə bağlı bəndin yer alması da istisna edilmir:
"Alyaskada keçirilən görüşdə təəssüf ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin mövqeləri müəyyən məqamlarda yaxınlaşıb. Avropanın siyasi dəstəyi Ukraynanın qarşısında dayanan problemləri aradan qaldırmaq üçün yetərli olmaya bilər. Bütün bunlara baxmayaraq, yenə də Tramp Avropadan Rusiyaya qarşı daha sərt addımlar atmağı tələb edir. O, Avropa ölkələrinə Çinə və Hindistana qarşı rüsumların artırılması, həmçinin Rusiyadan neft idxalının dayandırılması ilə bağlı çağırışlar edir”.
Politoloqun fikrincə, Avropa dövlətlərinin bu tələbləri yerinə yetirməsi real görünmür.
"Hazırkı gedişat Ukrayna üçün çətinliklər yaratsa da, proseslər Avropanın yeni siyasi xəritəsinin formalaşmasına gətirib çıxara bilər", - deyə Abutalıb Səmədov fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Abutalıb Səmədov,Politoloq,Ukrayna,Avropa,NATO,Todaypress.tv,
