18 Oktyabr: Müstəqilliyin bərpası, millətin dirçəlişi
Təhlil
18.10.2025 10:37
“Müstəqillik qazandığımız, keçmiş ittifaqın buxovlarından azad olduğumuz 18 Oktyabr- Dövlət Müstəqilliyi Günü hər birimiz üçün unudulmazdır”.
Politoloq Yusif Bağırzadə bunu TodayPress TV-yə danışarkən deyib.
O, hər il 18 oktyabrda qeyd etdiyimiz Dövlət Müstəqilliyi Gününün tarixindən danışıb:
“34 il əvvəl – 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Beləliklə, Azərbaycan 1920-ci ilin aprelində bolşeviklərin istilası zamanı itirdiyi müstəqilliyini yenidən bərpa etdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi.
Məhz elə buna görə də 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə, eləcə də “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olundu, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi”.
Ekspert həmin dövrdə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ölkələrdən bəhs edib:
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulundan sonra Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, 11 dekabrda Rumıniya, 13 dekabrda Pakistan, 23 dekabrda İsveçrə tanıdı. Daha sonra müstəqilliyimizi İran, ABŞ, 10 aprel 1992-ci ildə Rusiya və digər dövlətlər tanıdı. 2 mart 1992-ci ildə isə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul olundu. Şübhəsiz ki, dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən savayı, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər Birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi. Amma bütün bunlara rəğmən xalqımız ən ağır şəraitdə belə özünün müstəqillik arzusunu reallaşdıra bildi”.
Y.Bağırzadə sonda əlavə edib ki, bu gün artıq ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş xalq olaraq müstəqil Azərbaycanın inkişafına şahidlik edirik. Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir.
Qiymət Mahir
tag: Yusif Bağırzadə,Politoloq,18 oktyabr,Dövlət Müstəqilliyi Günü,Todaypress.tv,
