Berlinin "qara gün" hazırlığı: Rusiya təhlükəsi realdır?

Təhlil

27.11.2025 18:32

Almaniya hökuməti son iki il yarımda Rusiya ilə mümkün hərbi toqquşmaya hazırlıq məqsədilə NATO ilə koordinasiyaya əsaslanan 1200 səhifəlik son dərəcə məxfi plan hazırlayıb. Sənəd “ən pis ssenari” zamanı — hipotetik Rusiya hücumu və ya kəskin eskalasiya halında — şərq istiqamətinə 800 minədək NATO hərbçisinin (Almaniya, ABŞ və digər müttəfiqlər) sürətli şəkildə daşınmasını nəzərdə tutur. Plan logistikanı ən incə detallara qədər müəyyənləşdirir: hansı körpülərdən, limanlardan, avtomobil magistrallarından və çay yollarından istifadə ediləcəyi addım-addım göstərilir. Almaniya bunu NATO-nun ümumi müdafiə strategiyasının tərkib hissəsi kimi həyata keçirir.

Maraqlıdır, bu dərəcədə detallı logistik hazırlıq Rusiya ilə real toqquşma ehtimalının artdığını, yoxsa Avropanın deterrens siyasətinin daha sərt mərhələyə keçdiyini göstərir? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, dövlətlər müdafiəni artırmağa məcburdur:

"Rusiya-Ukrayna müharibəsi bütövlükdə Avropanın təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Buna görə Avropa ölkələri Rusiyaya qarşı maksimum müdafiə mövqeyi formalaşdırmağa və yeni planlar hazırlamağa çalışırlar".


Ekspert vurğulayıb ki, Berlin təhlükəni real hesab edir:

"Almaniyanın hazırladığı son plan isə Avropanın vəziyyətə nə dərəcədə ciddi yanaşdığını göstərir. Almaniya son vaxtlar öz təhlükəsizliyini real risk altında görür. Ölkənin bir neçə şəhərində baş verən partlayışlar cəmiyyətdə çaşqınlıq yaradıb. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Almaniya Avropada ən çox Ukraynalı mühacir qəbul edən dövlətlərdən biri olub.


Berlin həm daxili vəziyyəti sabitləşdirməyə, həm də eyni zamanda Ukraynaya öz imkanları daxilində yüksək səviyyədə yardım göstərməyə çalışır. Almaniya Ukraynaya güclü silah sistemləri, o cümlədən tank kompleksləri verib və bu xətti davam etdirəcəyini bildirir".

Onun sözlərinə görə, digər mühüm məsələ isə Rusiyanın Avropaya real hücum ehtimalıdır. Teorik olaraq Rusiya Şərqi Avropadakı bəzi ölkələr üçün təhlükə yarada bilər. Lakin Rusiyanın bütövlükdə Avropaya genişmiqyaslı hücum etməsi hazırkı şəraitdə inandırıcı görünmür.

 Ekspert, həmçinin bunun əsas səbəblərini sadalayıb:

"1.Rusiya-Ukrayna müharibəsi Moskvanın resurslarını ciddi şəkildə tükəndirib.

2.Avropanın əksər ölkələri, o cümlədən Almaniya, NATO üzvüdür.

3.Avropaya hücum avtomatik olaraq NATO-Rusiya toqquşması deməkdir".

Analitik sonda əlavə edib ki, Kremlin bu qırmızı xətti keçərək genişmiqyaslı hücuma başlaya biləcəyi real hesab olunmur. 

Jalə Rövşən

tag: Almaniya ,NATO,Avropa,Rusiya,Todaypress.tv,

photo