Politoloq: "Ankaranın ŞKTR-də vəziyyəti daim diqqətdə saxlaması vacibdir"

Təhlil

20.10.2025 14:16

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən Prezident seçkilərinin nəticələrinə etiraz edib. 

Belə ki, o, parlamenti təcili iclasa çağırıb və ölkənin Türkiyəyə birləşməsi qərarını qəbul etməyi tələb edib. 

Onun fikrincə, seçkilərin nəticəsi az sayda seçici iştirakı ilə əldə olunub və federasiya planı qəbul edilməməlidir.   

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, yeni prezidentin mövqeyi tamam fərlidir:  

"Bəli, ŞKTR-də Prezident seçkilərində hazırkı Prezident Ersin Tatar məğlub olub, onun rəqibi - Cümhuriyyətçi Türk Partiyasının lideri Tufan Erhürman ciddi fərqlə qalib gəlib. Düzdür, iştirakçılıq zəif olsa da, o, iştirakçıların dəstəyini qazanıb.

Ümumiyyətlə, Tatar iki dövlət prinsipini dəstəkləyirdi: yəni Kipr Türk Respublikası və Yunan Kipr Respublikası ayrı-ayrılıqda mövcud olsun. Bu, rəsmi Ankaranın siyasi xəttinə uyğundur. Tufan Erhürman isə federasiya prinsipini dəstəkləyir ki, bu da MHP və rəsmi Ankaranın mövqeyinə uyğun gəlmir".

Politoloq onu da vurğulayıb ki, mövcud hökumətin gələcəkdə müəyyən problemlərlə üzləşmə ehtimalı var: 

"ŞKTR parlamenti həm qanunverici, həm də hökuməti formalaşdıran orqandır. Buna görə də Erhürman parlamentin mövqeyi və siyasi reallıq şəraitində fəaliyyət göstərməli olacaq. Bu baxımdan, gələcəkdə ciddi maraq toqquşması ola bilər".

Onun sözlərinə görə, mövcud vəziyyətdə Türkiyənin maraqları ön planda olmalıdır:

"Türkiyənin ŞKTR-də vəziyyəti daim diqqətdə saxlaması vacibdir və iki dövlət prinsipinin gücləndirilməsi Kiprdə türklərin maraqlarının qorunması və regionda Türkiyənin təsir imkanlarının saxlanması baxımından önəmlidir. Həmçinin parlamentdə Türkiyənin rəsmi siyasi xəttinə uyğun siyasi qüvvələrin qalması və güclənməsi həm ŞKTR-nin mövcudluğunu təmin edə, həm də Türkiyənin maraqlarının qorunmasına xidmət edə bilər.Tufan Erhürmanın federasiya yanaşması isə ŞKTR-də yaşayan türklərin maraqlarına və rəsmi Ankaranın siyasətinə ziddir. Buna görə də biz ümid edirik ki, parlamentin və rəsmi Ankaranın səyləri sayəsində ŞKTR-nin mövcudluğunun qorunması və güclənməsi mümkün olacaq". 

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Türkiyə,ŞKTR,Todaypress.tv,