Saakaşvili etiraf etdi: “İlham Əliyev mümkün olmayanı reallaşdırdı”
Təhlil
16.10.2025 12:46
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı “Facebook” səhifəsində paylaşım edib.
Saakaşvili İlham Əliyevin Rusiya siyasətinə diqqət çəkərək bildirib:
“Əslində, İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və hamıya nümunə oldu. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycanla məsafə saxlayanlar indi ölkə prezidentinə ehtiramlarını bildirmək üçün növbəyə düzülürlər”.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev qeyd edib ki, Saakaşvilinin dediklərində həqiqət var.
Onun sözlərinə görə, Prezident İlham Əliyev həm Azərbaycan, həm də dünya siyasətində bir çoxlarının reallaşdıra bilmədiyi ideyaları həyata keçirir:
“Uzun illərdir ki, Qafqazda "Qafqaz evi" layihəsinin yaradılması arzulansa da, bu, yalnız İlham Əliyev dövründə reallaşdı. Bu layihə Rusiyadan müdafiə baxımından da mühüm əhəmiyyət daşıyırdı. Saakaşvili də vaxtilə bu ideyanı dəstəkləyirdi, lakin həyata keçirə bilmədi. İlham Əliyev isə bunu reallaşdırdı”.
Analitik əlavə edib ki, İlham Əliyev Azərbaycan tarixində bir çoxlarının “xülya” adlandırdığı "Turan ideyasını" da reallaşdırır:
“Türk Dövlətləri Təşkilatının inteqrasiyası və birləşmə siyasəti uzun illər bir çox siyasətçilərin arzusunda idi. Bu gün isə biz həmin birliyin formalaşdığını və gücləndiyini görürük. Qəbələdə keçirilən sammit bunun bariz nümunəsidir".
Politoloq bunun səmimi açıqlama olduğunu vurğulayıb:
"Saakaşvilinin də dediyi kimi, İlham Əliyev həm Türk dünyasının, həm də bütövlükdə Qafqazın şərəfini qoruyan, beynəlxalq səviyyədə sözünü deyən bir liderdir. Mən Saakaşvilinin bu fikirlərini səmimi etiraf kimi qəbul edirəm. O, kifayət qədər təcrübəli siyasətçidir, Qafqazdakı prosesləri, həm Rusiyanın, həm də Qərbin bura olan mövqeyini yaxşı bilir. İlham Əliyevin həyata keçirdiyi siyasəti və düzgün qərarvermə qabiliyyətini görür, buna görə də bu etirafı edir. Saakaşvilinin vaxtilə arzuladığı mütəşəkkil Qafqaz siyasətini bu gün İlham Əliyev həyata keçirir. Bunun üçün də cənab Prezidentin dediyi kimi: nəyi, necə, nə vaxt etmək lazım olduğunu bilmək lazımdır".
Jalə Rövşən
tag: Zeynal Əmirəliyev,Politoloq,Saakaşvili,İlham Əliyev,Todaypress.tv,
