İsrail-HƏMAS razılaşdı: Qəzzaya sülh qayıdır?

Təhlil

09.10.2025 15:33

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzalayıb. 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu mövcud razılaşmanı TodayPress TV-yə şərh edərkən bildirib ki, ABŞ lideri Donald Trampın təşəbbüsü ilə baş tutan sülh planının dayanıqlı olması mümkün deyil:

“Çünki Netanyahu hökuməti Fələstin dövlətinin yaranmasını rədd edir, hətta Suriya, Livan və s. ölkələrin torpaqlarının hesabına ərazilərini genişləndirməyə çalışır. Bunun üçün də Yaxın Şərq ölkələrində xaos, qarşıdurma, hərbi toqquşma yaradılır. Yəni hazırda əldə olunan razılaşma strateji deyil, taktiki xarakter daşıyır”.

Onun sözlərinə görə, Trampın məqsədi taktiki nəticələr əldə etmək və daha bir münaqişə bölgəsində sabitliyi təmin etmiş lider kimi Nobelə bir addım da yaxınlaşmaqdır. 

“Bununla yanaşı, ABŞ, Türkiyə və digər dövlətlər çalışırlar ki, atəşkəs əldə olunandan sonra Netanyahunun hakimiyyətdən gedişi üçün zəmin hazırlansın. Xüsusilə İsrail daxilində etiraz dalğası daha da artsın və bu gözləniləndir. Netanyahu isə girovların azad edilməsi ilə ona qarşı ciddi təzyiq yaradan bu problemdən xilas olmağa çalışır. Amma sabitlik olacaqsa, Netanyahuya qarşı daxil etirazlar yenidən yüksələcək. Bu baxımdan, ona yeni münaqişə və İsrailə qarşı “təhdidlər” lazımdır. Ona görə də İran yenidən hədəfə çevirlə bilər. ABŞ administrasiyası da bu ehtimalları minimuma endirmək üçün İranla ciddi danışıqlar aparır”.

Qeyd edək ki, İsrail və HƏMAS arasında Qəzza zolağında hərtərəfli atəşkəs haqqında razılaşma İsrail qoşunlarının Qəzza ərazisinin 70%-dən tədricən çıxarılmasını və eyni vaxtda girov və məhbusların azad olunmasını ehtiva edir.

Jalə Rövşən 

TodayPress TV

tag: Əli Zülfüqaroğlu,Siyasi şərhçi,İsrail,HƏMAS,Todaypress.tv,

photo