10 milyonluq vida və gizli dəfn: Xomeyni ilə Xamenei arasında nə baş verir?
Təhlil
06.04.2026 15:10
1989-cu ilin iyun ayında İran İslam Respublikasının qurucusu və ilk Ali Rəhbəri Ayətullah Ruhulla Xomeyninin dəfn mərasimi müasir tarixin ən böyük kütləvi toplaşmalarından birinə çevrildi.

Onun vəfatından sonra milyonlarla insan dəfn mərasimində iştirak etmək üçün Tehrana axışdı. Hesablamalara görə, mərasimə təxminən 10 milyon insan qatılmışdı ki, bu da o dövrki İran əhalisinin təxminən altıda birini təşkil edirdi.
İzdihamın miqyası ciddi xaosa səbəb oldu. Belə ki, yas saxlayanlar cənazəyə yaxınlaşmaq üçün irəli atılaraq təhlükəsizlik qüvvələrini aşdılar. Nəticədə tabut yerə düşdü və rəsmi şəxslər vəziyyəti çətinliklə nəzarətə götürə bildilər. İzdiham səbəbindən ənənəvi yürüş planından imtina edildi və nəş nəhayət helikopterlə dəfn yerinə çatdırıldı.
Təəssüf ki, yaranan sıxlıq nəticəsində bir neçə nəfər həyatını itirdi, yüzlərlə insan isə müxtəlif dərəcəli xəsarətlər aldı.
Bu hadisə 1979-cu il İran İslam İnqilabından sonra Xomeyninin xalq üzərindəki nüfuzunun miqyasını bir daha nümayiş etdirdi. Sözügedən mərasim hələ də tarixin ən gərgin və ən çox sənədləşdirilmiş dəfn mərasimlərindən biri hesab olunur.
Bu mərasim bir ölkə əhalisinin ümumi sayına nisbətdə ən çox insanın iştirak etdiyi dəfn mərasimi kimi tarixə düşdü.
Bəs 1989-cu ildəki bu nəhəng izdiham və xalq dəstəyi tarixə düşmüşkən, mərhum lider Ayətullah Əli Xameneinin dəfni ilə bağlı yaranmış qeyri-müəyyənlik və prosesin bu dərəcədə gecikdirilməsi nə ilə bağlıdır?
Sözügedən məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV-yə danışarkən bildirib ki, Xameneinin dəfninin gizli saxlanılması müharibə şəraiti ilə bağlıdır.

Analitikin sözlərinə görə, İranın Ali dini rəhbərinin ölümündən sonra onun dəfn yeri ictimaiyyətə açıqlanmır və bu proses konfidensial şəkildə həyata keçirilib. Politoloq qeyd edib ki, məzarın gizli saxlanılması mümkün hücum riskləri ilə bağlıdır:
“Hazırda müharibə şəraiti və havadan bombardmanların davam etməsi genişmiqyaslı dəfn mərasimlərinin keçirilməsini çətinləşdirir”.
O əlavə edib ki, Xameneinin ölüm səbəbi ilə bağlı rəsmi versiya da mübahisəlidir və ehtimal olunur ki, o, fevralın 25-də təbii səbəblərdən vəfat edib, lakin sonradan bu hadisə “ABŞ hücumu” kimi təqdim olunub ki, ona “şəhidlik statusu” verilsin.
Ekspert bildirib ki, Ruhulla Xomeyni vəfat edən zaman keçirilən kütləvi dəfn mərasimləri ilə indiki vəziyyət arasında ciddi fərqlər var və hazırkı müharibə şəraiti buna imkan vermir.
Sonda o vurğulayıb ki, Ali dini liderin məhz müharibənin davam etdiyi bir dövrdə kütləvi şəkildə dəfn edilməməsi mövcud təhlükəsizlik və hərbi vəziyyətdən irəli gəlir.
Qeyd edək ki, mərhum Ali rəhbər Əli Xamenei 28 fevral 2026-cı ildə İsrail və ABŞ-nin birgə həyata keçirdiyi "Epik Qəzəb" əməliyyatı çərçivəsində Tehrandakı iqamətgahında öldürülmüşdür. İsrail təyyarələri gündüz saatlarında Xameneinin iqamətgahını 30-a yaxın dəqiq idarə olunan sursat və "Sparrow" tipli aerobalistik raketlərlə hədəf almışdır. Bu hücum təkcə Xameneini deyil, həm də onun bir neçə ailə üzvünü - qızını, nəvəsini, kürəkənini və gəlinini də həlak etmişdir.
Bu kütləvi itkilər İranın komanda və idarəetmə strukturunu iflic vəziyyətinə gətirmiş, ölkədə de-fakto müharibə şəraiti yaranmışdır.
Belə bir şəraitdə dəfnin gecikdirilməsi hansı təhlükəsizlik və ya siyasi səbəblərlə bağlı ola bilər?

1989-cu ildə Xomeyninin dəfni ölümündən cəmi üç gün sonra baş tutduğu halda, 2026-cı ildə Xameneinin dəfni bir neçə dəfə təxirə salınmışdır. İran dövlət mediası və rəsmi qurumları bu gecikməni bir sıra amillərlə izah edirlər:
Tehran İslam Təbliğatı Koordinasiya Şurasının rəhbəri Möhsün Mahmudinin bildirdiyinə görə, dəfn mərasiminin təxirə salınmasının əsas səbəbi "misilsiz bir kütlənin" gözlənilməsi və bu kütləni idarə etmək üçün lazım olan infrastrukturun hazır olmamasıdır.
Loqistik səbəblərlə yanaşı, real təhlükəsizlik riskləri də prosesi ləngidir. İran və İsrail-ABŞ koalisiyası arasında davam edən aktiv hərbi əməliyyatlar fonunda kütləvi yas mərasimlərinin yeni bir hədəfə çevrilmə ehtimalı böyükdür. İsrailin Xameneinin varisini də öldürəcəyi ilə bağlı təhdidləri və kəşfiyyat zərbələrinin davam etməsi İran rəhbərliyini daha ehtiyatlı davranmağa vadar edir.
Bəs bütün bunlardan əlavə, İslam dinində dəfnin gecikdirilməsi necə qarşılanır?
İslam dini, xüsusilə də Cəfəri məzhəbi ölən şəxsin mümkün qədər tez dəfn edilməsini tələb edir. Bu, həm ölənə hörmət, həm də dini bir vəzifə hesab olunur. Şəriət qaydalarına görə, meyitin yuyulması, kəfənlənməsi və basdırılması prosesi ölüm təsdiqləndikdən dərhal sonra başlamalıdır. Hədislərdə buyurulur ki, "müsəlmanın cənazəsini gecikdirmək günahdır".
İdeal olaraq, dəfn 24 saat ərzində baş tutmalıdır. Lakin müasir dövrdə bu qayda müəyyən zərurət halları ilə qarşılaşır.
İranın teokratik sistemində "Məsləhət" prinsipi xüsusi yer tutur. Ayətullah Xomeyni tərəfindən əsası qoyulan bu prinsipə görə, İslam dövlətinin qorunması və sabitliyi bəzən ilkin şəriət hökmlərindən üstün tutula bilər. Xameneinin dəfninin gecikdirilməsi bu kontekstdə, "müharibə şəraitində xalqın təhlükəsizliyini təmin etmək" və "dövlətin varisliyini qanuniləşdirmək" məqsədilə icazəli sayılır.
Livanlı analitik Faysal Abed əl-Səttarın “Hizbullah”ın keçmiş Baş katibi Həsən Nəsrullahın dəfni ilə bağlı qeyd etdiyi kimi, "rasional ehtiyac" olduqda dəfnin gecikdirilməsinin şəriət baxımından heç bir maneəsi yoxdur. Eyni məntiq 2026-cı il hadisələrində Xameneinin dəfni üçün də tətbiq olunur.
Qeyd edək ki, Xomeyninin 1989-cu ildəki dəfni İran xalqının böyük bir hissəsinin inqilaba sadiqliyini nümayiş etdirən vahid bir kədər nümayişi idi. 2026-cı ildə isə vəziyyət köklü şəkildə fərqlidir.
Xameneinin ölüm xəbəri İran cəmiyyətində kəskin qütbləşmə yaratmışdır. Rejim tərəfdarları Məşhəddəki İmam Rza ziyarətgahı yaxınlığında toplaşaraq kütləvi şəkildə yas saxlayır, Cəmkəran məscidində qisas rəmzi olan qırmızı bayrağı ucaldırlar. Digər tərəfdən, Tehran, İsfahan, Şiraz və Karaj kimi şəhərlərdə bir çox insanın küçələrə çıxaraq sevindiyi, liderin heykəllərini devirdiyi və şənliklər keçirdiyi barədə məlumatlar var.
Bu daxili parçalanma dəfn mərasiminin təşkilini daha da mürəkkəbləşdirir. Hökumət 1989-cu ildəki kimi 10 milyonluq kütləni küçələrə çıxara bilməməkdən və ya mərasimin böyük bir etiraz dalğasına çevrilməsindən ehtiyat edir.
Nəticə etibarilə, 1989-cu ildəki dəfn inqilabın gücünü, 2026-cı ildəki dəfn gecikməsi isə sistemin kövrəkliyini nümayiş etdirir.
Aysel Mətləb
tag: Məhəmməd Əsədullazadə,Politoloq,Ayətullah Ruhulla Xomeyni,Ayətullah Əli Xamenei,Todaypress.tv,
