Təhdidlər artır: Məsələ gündəmə gəlsə, Rusiya geri çəkiləcək...
"Nüvə müharibəsinin qalibi olmur və bu səbəbdən Rusiyanın uzun müddətdir davam edən təhdidləri daha çox siyasi manipulyasiya məqsədi daşıyır".
Politoloq Natiq Miri bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, Rusiyanın malik olduğu nüvə silahları ABŞ, Böyük Britaniya və Fransa kimi ölkələrdə də mövcuddur. Belə olan halda, nüvə silahı ilə bağlı təhdidlər əslində Rusiya üçün ciddi risklər doğurur.
“Şüşə qabda oturanlar ona-buna daş atmamalıdır, çünki cavab reaksiyası qaçılmazdır. Rusiya nüvə silahından yalnız təzyiq vasitəsi kimi istifadə etməyə çalışır, lakin artıq bu cür hədələrə inanan qalmayıb. Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra Rusiyanın sərgilədiyi aqressivlik Qərb dövlətlərini daha sərt mövqe tutmağa vadar edir. Bu kontekstdə Almaniyanın yeni kansleri Fridrix Mertsin qətiyyətli addımlar atması, Ukraynaya nüvə silahından istifadəyə icazə verməsi başadüşüləndir. Almaniyanın uzaqmənzilli strateji silahları Ukraynaya verməyə hazırlaşması, xüsusilə də “Taurus” raketlərinin gündəmə gəlməsi Rusiyanın geri çəkilməsinə təzyiq göstərəcək".
Analitik xatırladıb ki, sabiq kansler Olaf Şolts bu silahların verilməsinə qarşı olub. Çünki o inanıb ki, bu, münasibətləri daha da gərginləşdirəcək. Amma artıq Ukrayna şəhərləri hər gün yüzlərlə ballistik və qanadlı raketlərlə, dronlarla dağıdılır.
"Vəziyyətin bundan o tərəfi yoxdur, qorxacaq bir şey də qalmayıb", – deyə politoloq vurğulayıb.
Natiq Mirinin fikrincə, Rusiyanın arxa cəbhəsində, özünü güvənli hiss etdiyi bölgələrdəki hərbi və strateji obyektlər hədəfə çevrilmədən Moskva sülh masasına oturmayacaq.
Rusiya hazırda yalnız manipulyasiya yolu ilə “sülhpərvər” imici yaratmağa çalışır. Amma başda Tramp olmaqla hər kəs anlayır ki, bu, yalnız bir oyun və şoudur.
“Hər hansı bir nüvə müharibəsinin olmasını gözləmirəm. Bu, birtərəfli müharibə deyil və qalibi də yoxdur. Belə bir riskin altına heç bir dövlət başçısı girməz. Ona görə də mən nüvə müharibəsini ehtimal etmirəm”.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Mertsin açıqlamasına görə, Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb.
Həmçinin rəsmi Berlin artıq Ukraynaya verilən uzaqmənzilli silahları məhdudlaşdırmadığını da diqqətə çatdırıb.
Almaniyanın Ukraynaya nüvə silahlarını və "Taurus" raketlərini istifadə etməyə icazə verməsi isə Rusiya tərəfində ciddi narahatlığa səbəb olub.
Töhfə Səməd
tag: Natiq Miri,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,
