Hindistan Rusiya neftindən imtina etmir: Trampın planı ÇƏTİNLƏŞİR
Təhlil
17.10.2025 15:01
“Hindistan yaxın zamanda Rusiya neftindən imtina etməyi planlaşdırmır”.
TodayPress TV xəbər verir ki, bunu “Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırmaq məqsədilə müxtəlif dövlətlərin Rusiyadan neft alışını azaltmasına çalışır. Ağ Ev sahibinin fikrincə, Rusiya neft və qazını sata bilməsə, Kreml Ukraynaya qarşı apardığı müharibəni davam etdirmək imkanını itirəcək:

“Donald Trampın sözlərinə görə, Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı zamanı o, Rusiya neftinin alışını dayandırmağa hazır olduğunu bildirib. Tramp qeyd edib ki, Hindistanın Rusiya neftindən tam imtinası müəyyən vaxt tələb edir. Buna baxmayaraq, Ağ Ev rəhbəri Hindistanın Rusiya neftindən tədricən imtina edəcəyinə əminliyini ifadə edib.
Dehli isə Trampın bu açıqlamasını təsdiqləməyib. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib ki, Hindistanın enerji siyasətinin əsas məqsədi enerji daşıyıcılarının sabit qiymətlərinin və etibarlı təchizatının təmin edilməsindən ibarətdir. Bu isə o deməkdir ki, Hindistan yaxın zamanda Rusiya neftindən imtina etməyi planlaşdırmır”.

Ekspert vurğulayıb ki, Rusiya Hindistana nefti dünya qiymətlərindən ucuz satdığından, Hindistanın neftayırma zavodları bundan ciddi qazanc əldə edir. Əgər Dehli Rusiya neftindən imtina edərsə, bu halda körfəz ölkələrindən neft idxalını artırmalı olacaq.
E.Şahinoğlu, həmçinin əlavə edib ki, Tramp Hindistanla yanaşı, Çinin də Rusiya neftindən imtina etməsinə çalışır. Lakin Pekin Vaşinqtonun bu tələbini yerinə yetirməyəcəyini açıq şəkildə bəyan edib.

“Maraqlıdır ki, ABŞ-nin strateji müttəfiqi Yaponiya da Rusiyadan neft idxal edir. ABŞ-nin maliyyə naziri Skott Bessent Tokionun Rusiyadan enerji alışını dayandırmasının vacibliyini vurğulayıb. O bu fikri Yaponiyanın maliyyə naziri Katsunobu Kato ilə görüşdə səsləndirib. Görünür, Rusiyanın ucuz nefti Yaponiyanı da cəlb edir. Lakin Dehli və Pekindən fərqli olaraq Tokio Vaşinqtonun tələblərinə əməl etməyə məcburdur. Yaponiyanın əsas ixrac bazarı ABŞ olduğundan, Tokio bu münasibətləri qorumağa çalışır. Bundan əlavə, Yaponiya ABŞ ilə birgə layihələr çərçivəsində 550 milyard dollarlıq sərmayə qoyuluşuna razılıq verib”, - politoloq fikrini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Elxan Şahinoğlu,Politoloq,Rusiya,Hindistan,Neft,Tramp,Todaypress.tv,
